Ş
Şərifov (Şərifzadə) Qurbanəli
Şərifov (Şərifzadə) Qurbanəli (1854-1917) - mühəndis, ziyalı. M.-nin yaxın dostu. Naxçıvan teatrının fəallarından idi. Tiflis-İrəvan dəmir yolunun çəkilişində yaxından iştirak etmişdir. Ş.-un Naxçıvan, Bakı, İrəvan, Tiflis ziyalıları ilə sıx münasibəti olmuşdur. M. ilə ailəvi dostluq edən, ona maddi və mənəvi yardım göstərən Ş. 1902 ildə ədibin atası Məmmədqulu Məşədi Hüseynqulu oğlunun nəvəsi Münəvvərlə fotoşəklini çəkmişdir. 90-cı illərdən Ş. məşhur "Həblül-mətin" qəzeti ilə əməkdaşlıq edir, onun bölgə üzrə daimi müvəkkili olur. Bu qəzet onun görüşlərinə çox müsbət təsir göstərir. Dostları Mirzə Cəlil, M.T.Sidqi, M.S.Ordubadi və Hüseyn Cavid kimi, Ş. da "Şərqi-Rus" qəzetinin nəşrə başlanmasını alqışlamışdı.
"Molla Nəsrəddin" jurnalında felyetonlar və məktublar dərc etdirmişdir. "Molla Nəsrəddin" jurnalı üçün "Mozalan bəyin səyahətnaməsi”nin yazılmasına Ş. da cəlb olunmuşdu. Ə.Haqverdiyev həmin səyahətnamənin yaranma tarixini xatırlayaraq yazmışdır: "Bir dəfə cəm olub, "İbrahimbəyin səyahətnaməsi"ndən söhbət edirik.
Burada "Molla Nəsrəddin" dostlarından Ömər Faiq Nemanzadə, Salman Mümtaz, Qurbanəli Şərifzadə var idi... Mən dedim: - Nə olardı bu kitaba nəzirə bir "Səyahətnameyi-Molla Nəsrəddin" də olaydı...
Bu yerdə Mirzə Cəlil üzünü bizə tutub dedi; - Gəlin biz "Mozalan"ı gəzdirək. Ancaq onun səyahətnaməsini öz aramızda bölüşdürək...
...Belə də oldu... Mozalanı... İrəvan və Naxçıvan tərəflərində Qurbanəli Şərifzadə gəzdirdi" (Ə.Haqverdiyev. "Molla Nəsrəddin haqda xatiratım". Bax: Məmmədquluzadə C. (məqalələr və xatirələr). B., 1967, s. 280-281).