Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

U

«Usta Zeynal»

«Usta Zeynal» - M.-nin hekaysi. 1902 ildə yazılmış bu əsərdə kiçik insanın faciəsi onun ifrat dindarlığı və bunun doğurduğu ətalətidir. Doğrudur, biz onun hərəkətlərinə, danışıq və davranış tərzinə gülürük. Bununla belə daxilmizdə onun halına acıyır və əzab çəkirik. Usta Zeynal kimidir? Sadə bir əmək adamıdır. Lakin ictimai mühir, dini ehkamlar onun daxili müvazinətini, mənəviyyatını pozaraq, insani keyfiyyətlərini eybəcər şəklə salmışdır. Ətalət və dini təəssübkeşlik onun damarlarına hopmuşdur. Buna görə iş zamanı ləngliyini ya heç duymur, ya da bu ləngliyi özü üçün bir zərurət kimi qəbul edir. İş zamanı laf vurmağa, gəvəzəliyə elə alışmışdır ki, onsuz keçinə bilmir, ondan ləzzət alır. O, zəhmətdən qorxmur, angaq görəcəyi işin özündən deyil, kənardan hər hansı bir qüvvənin köməkliyi ilə tutaq ki, Allahın qövlü ilə başa gələcəyinə fanatikcəsinə etiqad bəsləyir. O öz gücünə olan inamını birinci növbədə təvəkküllə bağlayır. Kənar, gözəgörünməz bir qüvvənin onun köməyinə çatacağına inanır. M. böyük və dərin müşahidəçiliyi ilə bu ətalət fəlsəfəsini Usta Zeynal surətində bütün parlaqlığı ilə ifadə edə bilmişdir.