Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

Y

"Yeni yol"

"Yeni yol" - ictimai, ədəbi qəzet. Əvvəllər Yeni Əlifba Komitəsinin, 1925 ildən isə Azərb. K(b)P MK orqanı olmuşdur. İlk nömrəsi 1922 il sentyabrın 21-də, sonuncu nömrəsi 1939 il fevralın 28-də çıxmışdır. 1924 ilin axırınadək həftəlik, 1925 ildən isə gündəlik nəşr olunmuşdur. M. 1922 il 5-ci saydan 1922 il 26-cı sayadək qəzetin red. olmuş, 1923 il 38-ci sayına kimi B.Bəhramovla birlikdə red.-luq etmişdir. "Y.y." yeni əlifbanı təbliğ etmiş, savadsızlığın ləğvi və mədəni inqilabın qələbəsində mühüm rol oynamışdır. 1924 il mayın 1-də M. öz xahişi ilə redaksiya heyəti üzvlüyündən azad edilmişdir. Ədib "Y.y."-da bir neçə məqalə və felyetonla iştirak etmiş, onun "Rus qızı', "Müəllim", "Taxıl həkimi", "Şərq fakültəsi", "Saqqallı uşaq", "Bəlkə də qaytardılar", "Buz", "Hamballar", "Yan tütəyi" kimi hekayələri burada çap olunmuşdur.