Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

Y

"Yoldaş"

"Yoldaş" - İctimai-siyasi qəzet. "Hümmət" sosial-demokrat (bolşevik) qrupunun orqanı. 1907 ilin avqust - sentyabr aylarında cəmi 3 nömrəsi çıxmışdır. Naşiri Ə.Axundov, red. M.Ə.Rəsulzadə idi. S.M.Əfəndiyev, M.F.Axundov, M.Ə.Rəsulzadə, M.Hadi, Ə.Əzimzadə və b. qəzetdə əməkdaşlıq etmişlər. "Molla Nəsrəddin" jurnalı Bakıda nəşrə başlayan "Y." qəzetinin Qafqazda milli toqquşmalara son qoymaq, milli sülh və əmin-amanlığı təmin etmək çağırışını bəyənmişdir. Jurnalın 17 sentyabr tarixli 35-ci sayında (1907) M.-nin "Yoldaş" sərlövhəli iri bir xülasə məqaləsi dərc olunmuşdur. Yazı belə başlayır: "Cəmi oxucularımızdan təvəqqe edirik Bakıda təzə çıxan "Yoldaş" adlı qəzetənin ikinci nömrəsini bir adamdan yalvarıb alıb oxusunlar, genə qaytarsınlar sahiblərinə. Və görsünlər qəzetənin əvvəlinci səhifəsində cənab Rəsulzadə nə yazır".

"Y."-ın 3-cü sayında dərc olunmuş "Quba şeyxi: Qubada bir nəfər peyğəmbərlik iddiasındadır!" sərlövhəli satirik yazının süjeti "Ölülər" (1909) pyesindəki hadisələrlə səsləşir. Hökumət bu qəzeti "zərərli məsləkinə görə" bağlamışdır.