Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

Ə

Əbdülhəq Hamid Tarhan

Əbdülhəq Hamid Tarhan (1852-1937) - türk şairi, dramaturq. Türk ədəbiyyatında romantizim banilərindəndir. Ziyalı ailəsində doğulmuşdur. Təhsilini İstanbul, Paris və Tehranda almış, fransız, fars, ərəb dillərini və ədəbiyyatlarını öyrənmişdir. Bir müddət xarici ölkələrdə diplomatik vəzifələrdə çalışmış, Böyük Millət Məclisinin deputatı olmuşdur. Ə.H.T. türk ədəbiyyatında mənzum dramın yaradıcısıdır. Vətən məhəbbətinin və azadlıq ideyalarının tərənnümü yaradıcılığında mühüm yer tutur. Tarixi və müasir mövzuda yazdığı "Azadlıq", "Hind qızı", "Nəstəran", "Əşbər" və b. əsərlərində ingilis imperializminə, sultan istibdadına qarşı xalq qəzəbi və nifrəti əks olunmuşdur. Ə.H.T. milli azadlıq ideyaları, dildə yenilik, sadəlik tərəfdarı olması ilə M., habelə, M.Ə.Sabir və digər Azərb. yazıçılarının dərin rəğbətini qazanmışdır. Ə.H.T.-ın yaradıcılığı) hələ inqilabdan əvvəl Azərb.-da öyrənilməyə başlanılmış, 1927 ildə onun "Hind qızı” pyesi Azərb. səhnəsində tamaşaya qoyulmuşdu.