Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

Ə

Əli Səbri

Əli Səbri (Əli Camal oğlu Qasımovun təxəllüsü) (1892-1983) - nasir, publisist, tərcüməçi. Qori müəllimlər seminariyasını bitirmiş, Bakıda pedaqoji fəaliyyət göstərmiş, "Yeni yol" qəzetində işləmişdir. ADU-nun filol. fakültəsini bitirdikdən sonra "Maarif işçisi" jurnalının red. olmuş, ali məktəblərdə dərs demişdir. "Molla Nəsrəddin" jurnalında "Daqyanuszadə" imzası ilə satiralar çap etdirmişdir. O, 1910 ildə Yasnaya Polyanaya L.N.Tolstoyun görüşünə getmiş, ədibin və b. rus yazıçılarının bir neçə əsərini ana dilinə çevirmişdir.

Azərb. ədəbiyyatından ruscaya tərcümələri də var. Ə.S. xarici ədəbiyyatda "Molla Nəsrəddin" haqqında rəylər, Ə.Qəmküsarın qətli və s. kimi mövzularda məqalələrin müəllifıdir. 1938-1948 illərdə sürgündə olan Ə.S. vətənə qayıdandan sonra "Azərnəşr"də red., Yazıçılar İttifaqında ədəbi fondun sədri işləmişdir. 1962 ildə M.-nin qızı Münəvvər xəstələnəndə ona dayaq olan ədib yazırdı: "Siz mənim böyük müəllimim, dostum və xeyirxahımın canlı təcəssümüsünüz. [...] Gələcək nəsillər Sizin mərhum atanızın xatirəsinə indikindən çox artıq ehtiram bəsləyəcəkdir; mən böyük Mirzə Cəlilin "Danabaş kəndinin əhvalatları"nda qəmli taleyinə göz yaşı tökdüyü doğma kəndimizi daim xatırlayıram".