Cəlil Məmmədquluzadə


ENSİKLOPEDİYASI

© Şərq-qərb, 2008

A B C Ç D E Ə F G H X İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

 

ƏBƏDİ MİRZƏ CƏLİL

- 2 -

Bu jurnallar, adətən, ilk nömrələrində öz qayələrini, amallarını bəyan edən proqram məqalələr dərc edirdilər. Bu kimi jurnalların baş məqalələrilə "Molla Nəsrəddin"in birinci sayında dərc olunmuş ilk felyetonu müqayisə etmək çox maraqlıdır. Başqa dərgilər dünyaya gəlişlərini aləmə car çəkib ibarəli sözlər və təmtəraqlı ifadələrlə kübar təbəqəyə, ancaq oxumuşlara müraciət edirdilərsə, "Molla Nəsrəddin" də öz oxucusuna üz tuturdu, amma necə?

"Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb, bəzi bəhanələr ilə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: "Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər".

Sözünü ona qulaq asmayan kəslərə demək - bu prinsipə Mirzə Cəlil Məmmədquluzadə ömrü boyu sadiq qaldı.
0, 1932-ci ildə Bakıda vəfat etdi. O, çar hakirniyyəti dövründə, müvəqqəti hökumət dövründə, menşevik Gürcüstanında, şahənşah İranında və Sovet Azərbaycanında yaşamışdır və ömrü boyu bircə kəlmə belə olsun, yalan söz deməmiş, yazmamışdır. Kiməsə xoş gələn, kiminsə könlünə yatan bircə kəlmə də...
0, acı sözlər deyirdi, xoşagəlməz mətləblərdən danışırdı və heç bir vaxt heç kimin qılığına girməyə çalışmırdı.
0, rəftarını, düşüncəsini nə ixtiyar sahiblərinə, nə hakim ideyalara, nə də avam camaatın zövqünə uyğunlaşdıra bilirdi.

"Bir para adamlar qələmi əllərinə alan kimi yalandan başlayırlar: Ay mənim yaxşı millətim! Qadan alım, ay mənim millətim! Nə qədər canım sağdır, hazıram sənə canımı fəda edəm, ay mənim gözəl millətim! Ay millətlərin padşahı millətim! Vallah Molla Nəsrəddin yalan danışa bilməz. Biz deyirik ki, belə milləti biz canü-dildən istəyə bilmərik. Bəlkə, içində bir-iki yaxşısı tapıla".

Bu sözləri ancaq öz millətini qanamış bir qəlblə, odlu ürəklə sevən vətənpərvər yaza bilərdi. Elə bir vətənpərvər ki, onun üçün vətən sevgisi özünüreklam vasitəsi, xal qazanmaq fürsəti, yerini şirin salmaq niyyəti yox, təbii və üzvi oğulluq borcudur.

Yüksək yazıçılıq, jurnalistlik, ictitnai xadimlik ləyaqətini Mirzə Cəlil Məmmədquluzadə qürurla bütün keşməkeşlərdən yağlı vədələr və hikkəli hədələr, kin və nifrət, paxıllıq və həsəd mühitindən, anlanılmazlıq səhrası, cəhalət zülməti, fanatizm, riyakarlıq, yalatıçı vətənpərvərlik girdabı, müstəmləkəçilik zorakılığı və neçə-neçə belə burulğanlar, bataqlıqlar içindən keçirmişdir. Və bizim bu günümüzə də, xalqımızın sabahına da pak və əbədi vüqarla gəlmişdir.

"Xatiraf”ını Mirzə Cəlil acı sözlərlə başlayır: "Gözümü ömrümdə birinci dəfə açan kimi dünyanı qaranlıq görmüşəm. Bu qaranlıqda ilk dəfə eşitdiklərim bunlardır: "Allahü əkbər! Allahü əkbər! Həmin səda qonşuluqda müəzzinin azanıdır".

Mirzə Cəlilin doğulduğu qədim Naxçıvan torpağı Azərbaycan tarixinə və mədəniyyətinə bir çox görkəmli şairlər, alimlər, memarlar, rəssamlar, maarifçilər, siyasi və hərbi xadimlər vermişdir. Naxçıvan İranla həmsərhəddir. Mirzə Cəlil kinayəylə yazırdı ki, bütün dünyada Öz möminliyi və dindarlığı ilə məşhur olan İran ölkəsinin Naxçıvana belə yaxın olması həmişə onun qəlbini iftixar hissiylə doldurub. Axın-axın məzlumlar İrandan Naxçıvana keçir, oradan da Bakı nefl mədənlərinə can atırdılar. Həyatlarının ən məşəqqətli, ən əzablı günlərindən qurtarmaq ümidilə yeni-yeni əzablara, təhqirlərə, yarıqarın dolanacağa dözməli olurdular. Din adıyla möhtəkirlik edən şarlatanlar, fırıldaqçı şeyxlər və rövzəxanlar, usta Zeynal kimi avam və fanatik möminlər də Araz çayını adlayıb Naxçıvana keçirdilər. Bütün bunlar Naxçıvanın mənəvi iqlimini zəhərləyir, burada qaranlığın və ətalətin hökm sürməsinə səbəb olurdu.

Amma elə bu torpaqda qabaqcıl milli şüurun etirazı və müqaviməti kimi balaca, fəqət qüdrətli bir dəstə, Mirzə Cəlilin sözüylə desək, "işıqlılar" - maarifpərvər ziyalılar dəstəsi yetişirdi. Bu dəstəyə Avropa və Rusiyada təhsil almış savadlılar daxil idi. Qori seminariyasını bitirdikdən sonra Mirzə Cəlil də həmin dəstəyə qoşuldu. Geniş biliklərə malik olan Naxçıvan ədəbiyyatçısı Eynəli Sultanovun köməyilə Mirzə Cəlil Avropa və rus mədəniyyətilə daha da yaxından tanış oldu.

Ömrünün son illərində Eynəli Sultanova yazdığı qəmli, nostalji çalarları olan məktubunda Mirzə Cəlil ömrünün o uzaq illərini xatırlayırdı: "...elə saatlar olurdu ki... keçmiş günləri yada salırdım. Elə bilirdim ki, haman o Eynəli qardaşım qırx il bundan qabaq yanımda oturub, cavanlıq hissilə oxuduğu kitablardan, rus maarifindən, Avropa əhli-qələmlərindən şirin-şirin və bəzi vaxt da odlu-odlu, yanıqlı-yanıqlı söhbətlər edir. O qədər məni özünə qulaq asdırdın ki, axırda məni, doğrudan da, maarif aləminə daxil elədin. Yəqin bilirəm ki, sən olmasaydın, mən də qeyri sadəcə kənd müəllimlərinin içində yaddan çıxmışdım". Uzun illər boyu Mirzə Cəlil Məmmədquluzadə İrəvan quberniyasının, Naxçıvan mahalının kənd məktəblərində müəllimlik etmişdir. Müəllimlik edərkən də, hüquq idarələrində çalışarkən də o, xalq güzəranının ağır şəraitinə daha yaxından tanış olur. Gözlərini açıb gördüyü qaranlıqla yenidən, artıq yetkin yaşında, mədəniyyətə, maarifə yiyələndikdən sonra rastlaşır. İndən belə o özü də bu göz-gözü görməyən qaranlığın içində yaşamalı idi. Çar müstəmləkəçilərinin qəddar özbaşınalığı, ruhanilərin insan şüurunu buxovlayan zəhmi, feodal-patriarxal cəmiyyətin amansız ziddiyyətləri - kəndxudadan tutrmış lap yuxarılaracan hakimiyyət sahiblərinin qolu zorluluğu, geniş xalq kütləsinin savadsızlığı, qadınların hüquqsuzluğu, cəhalət, avamlıq, nadanlıq zülməti - bütün bunları yazıçı ondan-bundan eşitməmişdi, özü öz gözüylə görmüş, bütün varlığıyla duymuş, qəlb ağrısıyla yaşamışdı.

Nehrəm kəndində müəllimlik edərkən 1894-cü ildə Mirzə Cəlil ilk nəsr əsəri olan "Danabaş kəndinin əhvalatları" povestini yazır. Coğrafı xəritələrdə Danabaş adlı kənd yoxdur. Bu ünvanı hər hansı konkret yerə - o sıradan, ilk növbədə, əlbəttə, Nehrəmə aid etmək istəyənlər - çox böyük yanlışlığa, xətaya yol verirlər, ona görə ki, bədii ədəbiyyatın ən ilkin şərtlərindən birini - bədii ümumiləşdirmə şərtini unudurlar.

Bir çox dəyərli insanların vətəni olan Nehrəm kəndi tariximizə nehrəmlilərin əliqanlı cəllad Andronikə göstərdikləri qəhrəman müqavimətlərilə də daxil olub.

Danabaş əhvalatları isə o dövrdəki bir çox Azərbaycan kəndlərində baş verən hadisələrin ümumiləşdirilmiş və bədii mübaliğə üsuluyla kəskinləşdirilmiş, heç bir konkret ünvanı olmayan rəmzi obrazı, məcazıdır. Bu, hər hansı Şərq kəndidir və konkret olaraq heç biri deyil. Povestə yazdığı "Yüngülvari müqəddimə"dən göründüyü kimi, müəllif bu başlq altında XIX əsr Azərbaycan kəndi haqqında silsilə povestlər və hekayələr yazmaq fıkrində imiş. Ancaq o, yalnız "Eşşəyin itməkliyi" povestini və "Danabaş kəndinin məktəbi" povestinin əvvəlini yaza bildi (sonra yarımçıq qalmış povest əsasında eyniadlı pyes yaratdı).

Beləliklə, "Eşşəyin itməkliyi" Mirzə Cəlilin ilk və yeganə bitmiş povestidir və bu əsəri dönə-dönə oxuyarkən mat qalırsan ki, bu cür dahiyanə bir yazı, əslində, müəllifin ilk qələm təcrübəsidir. Povestin elə adı polemikdir, əsrlər boyu Şərq poetikası incə, lətif obrazlar sistemini, "gül-bülbül" təşbehlərini təkrarlayırdı və birdən-birə belə "antiestetik", belə kobud, adi və sadə olsa da, bu qədər ötkəm bir ad - "Eşşəyin itməkliyi". Bəli, Mirzə Cəlil Məmmədquluzadə bütün obrazlar sistemilə, təhkiyəsilə, müəllif mövqeyilə, mətnin bədii toxumasıyla bunu deyirdi - oxuduğunuz əsər ən adicə, ən sadəcə bir əhvalatdır, bu əhvalat vur-tut ona həsr olunub ki, yazıq Məmmədhəsən əmi bir gün eşşəksiz qalır. Gülməyin, dodağınızı büzməyin. Eşşək Məmmədhəsən əmiyə çox gərək idi, neçə il idi bu biçarə varını-yoxunu satıb, silkələnib-soyulub, ailəsini ac-yalavac saxlayıb ki, Kərbəlaya ziyarətə getsin. Kərbəlanı ziyarət etmək Məmmədhəsən əminin ömrünün ən ali məqsədidir. Günlərin bir günü Məmmədhəsən əmi papağını qabağına qoyub fikirləşdi və gördü ki, lap uşaqlıq çağında bir-iki gün istisna olarsa, həyatında yaxşı heç nə görməyib. Və ancaq irəlidəki ömründə, xülya kimi, səhrada sirab kimi Məmmədhəsən əmiyə bircə sevinc, bircə səadət görünür - Kərbəlaya səfər. Kərbəlanın fərsəq-fərsəq, adamın canını üzən, dilini-dodağını qarsıdan, uzandıqca-uzanan yolları... Bu yolları isə o, yalnız eşşəklə qət edə bilər.
Belə müsibətlə pul yığıb aldıqları eşşəklə Məmmədhəsən əmi də, onun arvadı da fəxr edir. Balaca oğulları Əhməd isə heyvana əməlli-başlı isnişib. Amma bu kənddə bir katda da var - Xudayar bəy. Xudayar bəy kənd miqyasında hakimimütləq və diktatordur. Həmin bu adam bir gün Məmmədhəsən əminin eşşəyini istəyir ki, şəhərə getsin. Şəhərə isə ona görə gedir ki, iki il bundan qabaq rəhmətə getmiş dostu Kərbəlayı Heydərin dul qalmış arvadı Zeynəbi siğə edib alsın. Çünki Zeynəb gənc və gözəldir, ən əsası da odur ki, rəhmətlik ərindən ona xeyli var-dövlət qalıb. Amma Zeynəb məğrur, bütöv, qırılmamış bir şəxsiyyətdir. Xudayar bəyin adını belə eşitmək istəmir.

Povestdə iki əsas xətt var və bu xətlər Xudayar bəyin məşum surəti vasitəsilə birləşir. Birinci xətt - Məmmədhəsən əminin xətti - tragikomik xətdir. Məmmədhəsən əminin faciəsi ondadır ki, ömrü boyu onu əzən, boğan bir etiqada xidmət etmək yolunda daha da əzilir, boğulur, tapdanır. Özü də bunu dərk edə bilmir. Başa düşə bilmir ki, inandığı Allah nə səbəbdən belə bir savab iş görməkdə, yəni Kərbəla ziyarətində ona komək etmir, əksinə, qarşısına maneələr çıxır. Bəs belə olan surətdə? Məmmədhəsən əminin dərrakəsi bu bilməcəni aça bilmir.

Tragikomik vəziyyət də bundan doğur. Şaqqama gün altında, bürkü və tozlu kənd-şəhər yoluyla Məmmədhəsən əmi o baş-bu başa hey gedir, gedir, itmiş eşşəyini axtarır. Axı, Xudayar bəy ona müəyyən bir şey deməyib. O gün isə yaxınlaşır. O gün ki, zəvvarlar Kərbəla səfərinə yola düşəcəklər. Məmmədhəsən əmi onlara qoşula bilmir. Povestin bu səhifələrini həyəcansız oxumaq, unutmaq mümkün deyil - zəvvarların yola salınması, ağlayıb sızlayan Məmmədhəsən əminin acı göz yaşları, yanıqlı fəryadı: "Mən gedə bilmədim... Gedə bilmədim. Qoymadılar. Məni qoymadılar... Mənim eşşəyimi oğurladılar... Yedilər. Satdılar".

Məmmədhəsən əminin ailəsi dağılır, məhv olur. "Əhmədi bildir boğaz ağrısı tutub öldü. Anası onun iki ay qüssəsini eləyib, axırı bir dərdə mübtəla oldu və ömrünü bağışladı Məmmədhəsən əmiyə. Amma Məmmədhəsən əmi indiyədək and içir ki, Əhmədi də, övrətini də eşşəyin dərdi öldürdü".

Povestin ikinci xətti Zeynəblə bağlıdır. Köməksiz dul qadının üstünə feodal müsəlman cəmiyyətinin bütün ağırlığı - ailə-şəriət qanunları, iqtisadi və inzibati təzyiq düşür. Onu dilə tuturlar, ona məsləhət verirlər, onu hədələyirlər, qadının ətrafında sanki keçilməz sal divar ucalır: "Hünər gərək bu guppultunun, bu əziyyətin, bu rüsvayçılığın, bu hərbə-qadağan, qazının, nəçərnikin, mollanın, qlavanın, şahidlərin, camaatın və Vəliqulunun qabağına  çıxıb tab eləsin və kəllə-kəlləyə versin! Bu hünər nəinki Zeynəbin, bəlkə, onun babasının da qüvvəsindən felə gəlməzdi... elə kim, Qasıməli sualını bir də təkrar elədi. Zeynəb hamı gücünü yığıb və üzünü qırışdırıb cavab verdi: - Razıyam".

İnsan qırıldı. İnsanda öldürüləsi ən mühüm şeyləri - ləyaqəti, qüruru, heysiyyəti, mənliyi öldürdülər. Əsərin son səhifələri:
"Zeynəb Xudayar bəyin evində altı ay yarım qaldı. Və bu altı ay yarımın ərzində Zeynəbin anadan əmdiyi süd burnunun dəliklərindən gəlib töküldü. Zeynəbi incitməklə onun tək bircə məramı var idi. Xudayar bəyin qəsdi Zeynəbin və səğirlərin var-yoxuna, puluna və mülkünə sahib olub, Zeynəbi çölə ötürmək idi...

Xudayar bəy Zeynəbin, səğirlərin və Vəliqulıınun dövlətinə malik olan kimi, Zeynəb axın arzusuna yetişdi: yəni Xudayar bəyin evindən yığışıb gəldi öz evinə. Hərçənd indi Zeynəbin evində iki həsirdən başqa bir şeyi yox idi...
...Vəliqulu çıxdı eşiyə. Çünki axşama az qalırdı, gərək gedib malları suvara idi: yubansa, Xudayar bəy mərəkə qalxızar. Ziba anasının qucağında bir az ağlayıb yuxladı".

Povest bu sözlərlə bitir. Nə qədər ağrı var burada. Tapdanmış insan üçün ağrı! Özbaşınalığın hökm sürdüyü bu mühit nə qədər qaranlıqdır, zülmət nə qədər qatıdır. Səsinə heç kəsin səs verməyəcəyi, dadın, harayın heç hara çatmayacağı bir səhra... Bu əsərdə beç bir nəfəs yeri, işıq şöləsi yoxdur və bunu heç də əsərin nöqsanlı cəhəti hesab etmək olmaz. Belə bir zülmətlə üzləşmiş, belə bir cəhənnəmə enmiş yazıçıdan işıqlı pəncərələr istəmək düz olmaz. Böyük Sabirin başqa münasibətlə dediyi sözləri bu baxımdan Mirzə Cəlilə də aid etmək olar: "Baxmış bu müsəlmanlara qəm pəncərəsindən".

"Eşşəyin itməkliyi" XIX əsr Azərbaycan kəndinin yanıqlı və yandırıcı mənzərəsidir, bütün qəlbiylə xalqının dərdlərinə ağrıyan böyük yazıçımızın "qəm pəncərəsindən" gördüyü acıdan acı səhnələridir.

Mühitin işıqsızlığı, özbaşınalığın tam "mənəm-mənəmliyi" baxımından bu əsər XX əsrin əvvəllərində yaşayıb yaratmış başqa bir yazıçının - Frans Kafkanın "İstintaq" romanıyla səsləşir. İnsan şəxsiyyətinin mənəvi daşqalaq edilməsi, ədalətsizliyin və zorakılığınn, zülmün və qəddarlığın ölçüsüz miqyası, alçaldılmış və tapdanmış insan üçün qövr eləyən yaraların ağrısı, əzici quruluşun dəhşətli ümumiliyi - hər iki əsərin mütaliəsi bu fikirləri, bu duyğuları oyadır. Əlbəttə, bunlar tamamilə bir-birinə bənzəməyən üsullarda yazılmış əsərlərdir. Frans Kafkanın qəliz modernist nəsriylə Cəlil Məmmədquluzadənin aydın, ənənəvi-realist təhkiyə üsulunu zahiri nişanələrə görə tutuşdurmaq olmaz. Bu əsərlərin daha dərin qatlarda oxşarlıqları var - insan mənliyi üçün nigarançılıqdır onları bir-birinə bənzədən "Eşşəyin itməkliyi" sırf bədii cəhətdən də bu günə qədər Azərbaycan nəsrinin ən yüksək örnəyi və zirvəsi olaraq qalmaqdadır. Xəsis ifadə vasitələri, təhkiyənin dəqiqliyi, təsvirlərin yığcamlığı və tutumluluğu, xarakterlərin sərrastlığı, heyranedici psixoloji tapıntılar, ən adi sözlərin köməyilə yaranan üzücü kədər duyumu, dilin canlılığı, şirəsi, duzu - bütün bu məziyyətlər haqqında çox danışmaq olar.

"Danabaş kəndinin əhvalatları"nda Mirzə Cəlil Məmmədquluzadə diaqnoz qoyur, mərəzi müəyyənləşdirir. Amma bu, azdır. "Mikroblar" felyetonunda yazdığı kimi, xəstə yanına gələn həkim azarın ancaq adını deyib çıxıb gedərsə, belə həkim bir qara qəpiyə dəyməz. Dərdi deyən, gərək dava-dərmanını da desin.

M.C.Məmmədquluzadə də xəstəliyi müalicə üçün onun səbəblərini, mikroblarını, viruslarını axtarır. O, bir çox səhnə əsərləri yaradır: "Ölülər", "Dəli yığıncağı", "Danabaş kəndinin məktəbi", "Anamın kitabı", yüzlərlə felyeton, onlarla hekayə, o cümlədən bu janrın şah əsərlərindən olan "Poçt qutusu", "Usta Zeynal", "İranda hürriyyət", "Qurbanəli bəy", "Nigarançılıq" kimi şedevrlər yazır.

Səbəblərdən biri, həm də əsas səbəblərdən biri - mövhumat və cəhalətdir. Mövhumat və cəhalətlə mübarizəyə Mirzə Cəlil Məmmədquluzadənin bir çox əsəri və o sıradan ən parlağı - "Ölülər" tragikomediyası həsr olunmuşdur.

"Ölülər" haqqında söhbətə keçməzdən qabaq bir məsələ üzərində xüsusi durmaq istərdim. Mirzə Cəlil Məmmədquluzadənin islam dininə münasibəti məsələsini aydınlaşdırmağa ehtiyac var. Sovet dövründə bütün klassiklərimizi din düşməni, az qala ateist kimi göstərmək cəhdlərinin fəsadları, nə yazıq ki, bu gün, müstəqillik və azadlıq dövründə də ara-sıra meydana çıxır. Mirzə Fətəli Axundzadənin, Mirzə Cəlil Məmmədquluzadənin və Mirzə Ələkbər Sabirin dini fanatizmə, mövhumata, xurafata, cəhalətə qarşı mübarizə aparmalarını az qala onların din düşmənçiliyi kimi, konkret olaraq, islama düşmənçilik kimi qələmə verməyə çalışır və bu sarıdan hətta onları suçlamaq da istəyirlər. Ateist olduğunu, heç bir dinə tapınmadığını prinsipial olaraq bəyan edən Mirzə Fətəlidən fərqli olaraq, nə Mirzə Cəlil ateist idi, nə də Sabir. Mirzə Fətəlinin də mübarizə hədəfı islam dini deyil, ümumən Şərq ətaləti və durğunluğu idi. Sabir şəriətin bütün qaydalarına riayət edən mömin müsəlman idi. Mirzə Cəlil də bir çox yazılarında milləti dininə, məscidinə hörmət etməyə çağırırdı. Onu da unutmayaq ki, sovet dövründə "Molla Nəsrəddin" jurmalı "Allahsız" adıyla nəşr edilməyə başlayanda Mirzə Cəlil etiraz əlaməti olaraq bu jurnalın redaktorluğundan imtina etdi.

Amma bununla belə, hər üç böyük klassikimizin mövhumatın, xurafatın və onlardan törənən cəhalətin barışmaz düşməni olmaları da danılmaz gerçəklikdir... Xurafata, mövhumata, cəhalətə qarşı mübarizəni dinə qarşı mübarizə hesab etmək isə müqəddəs dinimizin özünü təhqir etməkdir. Bu gün birdən-birə möminləşmiş dünənki alovlu ateistlər bunu dərk etməlidirlər. Nəyə görə biz hər cürə mütərəqqi fikrə, inkişafa qarşı olan mürtəce və mühafizəkar meylləri dinimizlə eyniləşdirməliyik?

Mirzə Cəlilin bir sıra başqa əsərləri kimi, "Ölülər" də dinə qarşı çevrilmiş əsər deyil, din adıyla möhtəkirlik edən şarlatan şeyx nəsrullahları ifşa edən və onların fitnələrinə uyan avamlara acıyan yazıçının ehtiraslı vətəndaş harayıdır.
"Ölülər" yazıçının çox sevdiyi bədii priyom üzərində qurulur - əcaib bir vəziyyət son həddə çatdırılır. Mübaliğəli qroteskin son, ən ifrat dərəcəsi.

"Ölülər" pyesilə ilk dəfə tanış olan adam düşünür, görəsən, bu ölü diriltmək səhnəsi necə həll olunacaqdır, fırıldaqçı şeyx bu çıxılmaz vəziyyətdən hansı fəndlə qurtara biləcəkdir. Mirzə Cəlilin tapdığı dahiyanə yol məlumdur, bu situasiyadan çıxış özü çıxılmazlığın rəmzinə çevrilir. Bayaqdan bəri öz əziz meyitlərini diriltmək istəyən adamlar, indi bir-bir bu niyyətlərindən əl çəkirlər. Məlum olur ki, hər hansı bir ölünün dirilməsi kiminsə xeyrinə deyil.

Qrotesk bir vəziyyət yaranır - ölülər və dirilər dünyası saysız əlaqələrlə, münasibətlərlə, xainliklər, satqınlıqlar, əclaflıqlar, günahlarla bir-birinə elə sarmaşıb, elə qarışıb, düyünlənib ki, kimin ölü, kimin diri olduğunu ayırmaq olmur. Dəhşətli, tükürpədən bir dünya görünür - yalnız lal məzarlardan və diri meyitlərdən ibarət olan dünya. Bu dünyanın yetişdirməsi və müftəxoru olan Şeyx Nəsrullah da hər şeyi elə beləcə düşünmüşdü. Şeyx Nəsrullah bu adamlara yaxşı bələddir, onların ürəyinin içini açıq gözlə - soyuq şüurla görür. Öz iti ağlını, insan xislətinə bələdliyini də şeyx dünyada ən murdar bir işə - insanları dolamağa, onların hisslərini, müsibətlərini, dərdlərini öz xeyri və mənfəəti üçün istifadə etməyə yönəldir.

Pyes mövhumat fanatizmini qamçılayan pamfletdən ümumən fanatizmi damğalayan bir ittihamnaməyə qədər yüksəlir. Çünki iş yalnız mövhumatda və mövhumatın, xurafatın törətdikləri cəhalətdə deyil. Şeyx Nəsrullah və canlı meyitlərin küt, biçarəsiz kütləsi, müti sürü şüuru və şər əmələ istiqamətlənmiş "zirək" bir fərd - əsərin əsas mövzusu bundan ibarətdir. Buna görə də, "Ölülər"in öldürücü satirası yalnız mövhumat əleyhinə mübarizə çərçivəsilə məhdudlaşmır. Bu pyesin oyatdığı anımlar, assosiasiyalar sırasında - hər növ totalitarizm, sürü psixologiyası, hər hansı bir diktatorun bütöv bir cəmiyyəti iradəsinə ram etməsi haqqında fıkirlər əsasdır. Bu gün çağdaş dünyamızda, bəlkə, daha da kəskinləşmiş neçə-neçə başqa problemlərin dərk olunması baxımından da "Ölülər" çox önəmlidir. O yerdə ki, insan şüuru basqı, təzyiq altındadır, o yerdə ki, şəxsiyyət ümuıni sifətsiz bir kütlə içində əriyib gedir, fikir təsdiq olunmuş ümumi standartlara və qəliblərə tabedir, o yerdə ki, hər hansı populist bir şüar kütləyə ağıllı, məntiqli, düzgün və təmkinli fikirdən daha artıq təsir göstərir - o yerdə "Ölülər" daima aktual əsər olaraq qalacaqdır. Bir çağırışıyla, bir hökmüylə on min-yüz minlərlə insanın şüuruna, davranışına hakim olan "qəhrəmanları" elə bizim günlərdə də azmı görmüşük? Xəlifəlikləri bir saat, ya bir neçə gün, bir neçə ay çəksə də, müasir şeyx nəsrullahlar onlara inanıb aldanmış kütləni istədikləri kimi sıxıb, əzib, sonra da qoyub qaçmayıblarmı? Şeyx nəsrullahların belə "dərslərinə" bu gün də ayıq-sayıq münasibət bəsləməliyik.

Səhifələr: 1 2 3 4 5

Geri

Yuxarı