A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q |
L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ƏBƏDİ MİRZƏ CƏLİL
- 3 -
Bəzən "Ölülər"i Qoqolun məşhur "Müfəttiş" komediyasıyla müqayisə edirlər. Müqayisə ümumi ideya-vətəndaşlıq qayəsi baxımından edildikdə ona, şübhəsiz, haqq qazandırmaq olar. Amma süjetin zahiri əlamətləri cəhətdən bu müqayisə o qədər də dəqiq deyil.
Bu iki pyesin fərqi yalnız onda deyil ki, "Müfəttiş"də yeganə müsbət personaj gülüş olduğu halda, "Ölülər"də fərdiləşmiş müsbət personajlar da var. Əsas fərq məncə ondadır ki, "Müfəttiş"də Xlestakov əhvalatın passiv iştirakçısıdır, hadisələrin axarında üzərək ona təlqin olunan rolu istər-istəməz oynamalı olur, "Ölülər"də isə Şeyx Nəsrullah vəziyyəti özü yaradır, vaqiəni özü yönəldir.
Mirzə Cəlil dəhşət içində görür və bizə göstərir ki, baxın, belə bir Şeyx Nəsrullahın fikri-zikri yalnız şəhvət olmasaydı, o, başqa, daha təhlükəli ictimai-siyasi səmtdə fəaliyyət göstərsəydi, məsələn, hakimiyyət iddiasına düşsəydi və insanları da arxasınca aparsaydı, cəmiyyət nə günə qalardı...
Bütün bu adamların içində dərdli-dərdli bir şəxs dolaşır: Hacı Həsən ağanın oğlu İsgəndər. Hacı Həsən ağa özünə bağışlaya bilmir ki, onun-bunun sözüylə oğlunu Avropaya oxumağa göndərib. İsgəndər oxuyub qayıdıb, bu adamlar içində özünə bir həmdəm, bir söz anlayan dost tapa bilməyib, mehrini ancaq və ancaq içki şüşəsinə salıb. Adına da Kefli İsgəndər deyirlər və bu "naxələf' çıxmış kefliyə barmaqarası baxırlar. Belə aciz-avara içki düşkününün kimə nə zərəri dəyə bilər?
İsgəndər obrazı dünyanın çeşidli ədəbiyyatlarında və müxtəlif zamanlarda mövcud olan bir ənənənin axarında yaranıb. Mühitinə asi olan narazı gənc obrazı Hamletdən Çatskiyə, Çayld Harolda qədər dünya ədəbiyyatının bir çox şah əsərlərində əks olunub. Bizim ədəbiyyatımızda da bu obrazın sələfləri çoxdur. Öz dövrünün anlayışlarına, adətlərinə meydan oxuyan Məcnundan Mirzə Fətəlinin, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin müsibətli, bədbəxt cavanlarına qədər bu bədii tipaj çeşidli təcəssümlərdə meydana çıxıb.
İsgəndəri müsbət qəhrəman adlandırmaq çətindir. Onun bütün mayası inkardan yoğrulub. O, atasının mühitini qəbul etmir, Şeyx Nəsrullahın iç üzünü görür. O, hər şeyi anlayır. Hiddətlənir, kədərlənir, ittiham edir, amma fəaliyyət göstərmir, mübarizə aparmır, içir. Bütün ağıllı nitqlərinə baxmayaraq o gücsüzdür, ona görə də tənhadır, tənhadır, ona görə də gücsüzdür... Təsəllisini yalnız sərxoşluqda tapır. İsgəndərin içkibazlığını taktiki vasitə kimi yozanlar, yəni İsgəndəri dediklərini deyə bilmək üçün özünü bir növ hamletvari dəliliyə vurmuş adam kimi təfsir edənlər, zənnimcə, yanılırlar. Yox, İsgəndərin kefliliyi ağrıdan, çıxılmazlıqdandır, gücsüzlükdəndir, dərddəndir. Hiylədən, fənddən deyil.
"Ölülər"də M.C.Məmmədquluzadə başqa mühüm bir problemi - ziyalıların məsuliyyəti, maarif problemini də qoyur. Pyesdə mövhumat fanatiklərinin qaragüruhuyla yanaşı, iki ziyalı personaj - poçt məmuru Heydər ağa və tərcüməçi Əli bəy də var. Onlar təhsilli adamlardır. Həmişə cüt gəzirlər, görünür ki, aldıqları biliklər, təfəkkürləri onları bir-birinə bab edib. Haradasa pyesdən kənar bir reallıqda onlar, bəlkə, ürəklərini də bir-birlərinə açırlar, hacı həsənlərin avamlığını lağa qoyurlar, Şeyx Nəsrullahın "möcüzələrinə" gülürlər. Amma adam içində onlar da hamı kimi bütün bu cahil fikirlərə şərik çıxır, qaranlıq şüurun bütün aldanışlarına haqq qazandırırlar, Şeyx Nəsrullaha itaət edirlər, onun ölü diriltmək elminə "heyran" olurlar. Bu əl ziyalıları, ürəklərinin, vicdanlarının, biliklərinin və təhsillərinin məntiqini ümumi rəyin aldanışlarına satmış ziyalılardır. İsgəndər bu Gildenstranla Rozenkransa (belə bənzətmə caizsə) onların xəyanətlərini - öz şüurlarına, biliklərinə, anlayışlarına dönüklüyünü bağışlaya bilmir. Axı, onlar bu bilikləri, bu maarif işığını qaranlıq şüurlara çatdırmalı idilər. Əvəzində təhqirlər və söyüşlər qazansalar da, bu, onlarn müqəddəs ziyalılıq borcu idi. Amma onlar "ağrımayan başımı niyə ağrdım" prinsipilə öz mənlərindən üz döndərdilər.
Rəsul Rzanın Mirzə Cəlil motivlərində yazdığı şeirlərindən biri Kefli İsgəndərə həsr olunub və o şeirdə belə misralar var:
Kimi dərdindən içir,
Kimi kefindən.
Kimi təzə paltardan qorxur,
kimi kəfəndən.
İsgəndəri soruşdunuz məndən?
İsgəndər içərdi.
Ləqəbi də kefli İsgəndərdi.
Gecə-gündüz düşündürürdü onu
Diri ölülərin dərdi.
Yoxsa o da, bir poçt məmuru olar.
Nə dərdlənər, nə içərdi.
Ömrü ölülər içində
Sakit, səssiz keçərdi.
Qınamayın İsgəndəri!
Yaman olur
anlamaq dərdi.
M.C.Məmmədquluzadə əhliləşdirilmiş, uyğunlaşmış ziyalılara, öz müqəddəs vəzifəsindən - fikir, aydın şüur, düşüncə işığını daşımaqdan, barışmazlıq yükünü çəkməkdən, anlamaq dərdindən imtina etmiş ziyalılara nifrət edirdi. Ömrü boyu maarif, təhsil, mədəniyyət uğrunda mübarizə aparan yazıçı həqiqi, fədakar ziyalılıqla zahiri ədəb-ərkanın, səthi savadlılığın fərqini çox gözəl duyurdu. İsgəndərin sözləri də elə bu barədə deyilmi: "Mənim də müəllimim mənə nəsihət edərdi ki, bala, səy elə, dərslərini yaxşı öyrən. Amma bu dılğırların heç birindən eşitmədim ki, desin: bala, adam ol".
Cəlil Məmmədquluzadənin mənəvi idealı - əsl adam idi, həqiqətə, ədalətə, öz əqidəsinə sadiq qalan, düşünən və düşündürən insan.
İrili-xırdalı, müxtəlif janrlı bütün əsərlərində sənətkarın anlamaq dərdi ifadə olunub. Əlbəttə, Mirzə Cəlilin anlamaq miqyasları və üfüqləri İsgəndərinkindən qat-qat geniş, dəfə-dəfə əhatəli idi. 0, insan problemlərini, cəmiyyət problemlərini, öz xalqının milli problemlərini dərindən-dərinə anlayır və dərk edirdi.
İnsan problemlərini qələmə alanda yazıçı obrazı, onun əxlaqi, fəlsəfi, emosional və məişət əlaqələrinin bütün qəlizliyini nəzərə alaraq, təsvir edirdi. Mirzə Cəlilin birtərəfli personajları yoxdur, qəhrəmanları həmişə çoxcəhətli, çoxyönlü, canlı, sözün əsl mənasında həyatidirlər. Xüsusi qeyd etmək lazımdır ki, yazıçı Şərə, Yamanlığa, Pisliyə nə qədər nifrət bəsləsə də, heç vaxt qeyd-şərtsiz mənfı adamlar göstərmir. Onun ən mənfur, nifrətə layiq personajlarının da bir imtiyazı var - öz xətt-hərəkətlərini, öz xasiyyət və xislətlərini şərh etmək hüququ. Bu, onların günahların azaltmır, ancaq realistcəsinə açır, izah edir. Nadürüstlər özlərini nadürüst hesab etmirlər, onların da öz gözlərində bəraətləri var, onların da dünyaya baxışı və hadisələrə qiymət vermək ehtiyacı, Xeyri-Şəri öz anlamlarında dərk etmək təşəbbüsü, öz həyat tərzlərindən, yetişdikləri mühitdən, şəraitdən doğan məntiqləri var və onlar bu ifrat məntiqlərindən, özlərinin "həqiqət" və "əxlaq" meyarlarından çıxış edirlər. Mirzə Cəlil Məmmədquluzadənin bir sənətkar kimi ən böyük qələbələrindən biri də məhz elə budur.
İctimai problemlərə də M.C.Məmmədquluzadə metafizik baxımdan, təcrid olunmuş şəkildə yanaşmır. O, heç zaman ümumi, mücərrəd problemlərlə maraqlanmayıb, onu narahat edən məsələlər həmişə konkretdir. Hər bir problemi o, çoxcəhətli, əhatəli, tutumlu şəkildə götürür və dialektik inkişafda nəzərdən keçirirdi. O, yalnız özdövrünü, bu günü deyil, sabahı, gələcəyi də görə bilirdi. Problemləri yalnız indiki halda deyil, gələcəyin ola biləcək variantlarında da qavrayırdı, öz idealları həyata keçərsə, bunun özündən doğacaq yeni problemlər haqqında da düşünürdü. Maariflənməyə, savadlanmağa bizim bir çox yazıçılarımız çağırıb. Mirzə Cəlilin böyüklüyü bir də ondadır ki, o, "maarifin səmərəsini" də qabaqcadan görürdü, zahiri, üzdən mənimsənmiş savadın nə kimi ağır nəticələr verəcəyini əvvəlcədən duyurdu...
"Danabaş kəndinin məktəbi" pyesində bu cür formal təhsilə, uçitel Həsənov kimi yarımçıq savadlıların səfeh "dərslərinə" gülür, bu "dərslərə" kəndlilərin və hətta balaca kənd uşaqlarının ironik, ayıq münasibətini acı bir sarkazmla qələmə alırdı.
Mirzə Cəlil Məmmədquluzadə öz xalqının milli problemlərini də dərindən-dərinə başa düşürdü. Xalqın coğrafı taleyi, tarixi bəxti, hansı qonşu xalqların və güclü dövlətlərin əhatəsində, daha doğrusu, mənəvi və inzibati çəmhərində qalması yazıçını daima düşündürən məsələlərdən idi. Məşhur "Azərbaycan" felyetonunda da, bir çox başqa əsərlərində də bu barədə acıdan-acı və ciddidən-ciddi fikirlərə dalır. Bu əzablı düşüncələr ən parlaq və dolğun ifadəsini "Anamın kitabı" pyesində tapmışdır. "Anamın kitabı"nda bu problemlər Azərbaycanın bütün tarixi varlığını təcəssüm etdirən fəlsəfi simvol səviyyəsinə yüksəldilmişdir. Bu pyes - pritça, rəvayətdir, onun fabulasında, quruluşunda, obrazlar sistemində folklor ünsürləri, xalq nağıl modeli çox güclüdür.
Zəhrabəyimin üç oğlu var. Ana övladlarını oxumağa göndərir - birini Rusiyaya, birini İrana, birini Türkiyəyə. Oğlanları oxuyub qayıdıblar vətənə, hərəsi öz öyrəndiyini, mənimsədiyini, öz yeni mənəvi aləmini gətirib və bunların hamısı bir-birinə uyğun deyil, yabançıdır, yaddır. Onlar başqa mədəniyyəti mənimsəyib qavramayıblar, bütünlüklə, bu, özgə mədəniyyətin, özgə dilin əsiri olub, öz milli mənliklərini büsbütün unudublar. İndi onlar sözün həm məcazi, həm də hərfi mənasında bir-birilə və analarıyla, bacılarıyla dil tapa bilmir.
Mənə elə gəlir ki, bu əsərdə Mirzə Cəlil ilk dəfə böyük mütəfəkkirimiz Əli bəy Hüseynzadə tərəfindən irəli sürülən, sonralar Türkiyədə Ziya Göyalp tərəfindən davam etdirilən triadaya - İslamlaşmaq, Türkləşmək, Müasirləşmək (yaxud İslamlaşmaq, Türkləşmək, Batılaşmaq-Qərbləşmək) üçlüyünə qarşı bir növ polemikaya girir. Əvvəllərdə yazdığım kimi, Mirzə Cəlil heç vaxt bir din olaraq islama qarşı çıxmamışdır, əksinə, islami əxlaq dəyərlərinə həmişə böyük önəm vermişdir.
Dilinin, millətinin türk olduğunu dəfələrlə bəyan edən yazıçı təbii ki, türkləşməyə qarşı da ola bilməzdi. Müasirləşməyə, Qərbin mədəni sərvətlərini mənimsəməyə gəldikdə, Cəlil Məmmədquluzadə ömrü boyu məhz bu əqidəylə yaşamışdır.
Bəs onda polemika nədən ibarətdir? Polemika, məncə, ondan ibarətdir ki, islamlaşmağı da, türkləşməyi də (əsərdəki anlamda osmanlılaşmağı) və qərbləşməyi, müasirləşməyi də Mirzə Cəlil yalnız bircə şərtlə qəbul edir -Azərbaycanlılığını, Azərbaycan türkü olduğunu, Azəri türkcəsində danışmağını, yazmağını unutmamaq şərtilə. Bu baxımdan həmin termini işlətməsə də, Mirzə Cəlil Məmmədquluzadə Azərbaycançılıq şüurunun əsasını qoyanlardandır. İki "obrazovannı" müsəlmanın bir-birilə rus dilində danışmasını lağa qoyanda da, Azərbaycan adlarını ruslaşdıranlara rişxənd edəndə də, öz anasına yeməyin adını küftə deyil, "qofta" şəklində deyənlərə masqara edəndə də Mirzə Cəlil nə müasirləşməyin, nə qərb dəyərlərini qəbul etməyin, nə də rus dilinin əleyhinə getmirdi, o, yalnız Azərbaycan türkcəsinin müdafiəsinə qalxırdı, hər bir insanın, ilk növbədə, öz dilini və deməli, milli mənliyini, milli ruhunu saxlamağın ehtiraslı tərəfdarı kimi çıxış edirdi.
Azərbaycan dilinin yersiz şəkildə qəliz, çox az adamın başa düşdüyü ərəb və fars sözlərilə yüklənməsinə qarşı olanda, "Ölülər" də Şeyx Əhmədin dililə "ərəbcə de, ərəbcə de" (yəni elə danış ki, camaat bir şey başa düşməsin) replikasını yazanda İslama, dinə qarşı deyil, xalqın başa düşmədən itaət qıldığı ehkamlara qarşı üsyan edirdi.
Və nəhayət, türklük məsələsi. O dövrdə indi Türkiyənin özünün imtina etdiyi bir dil, yəni ərəb və fars sözlərilə doldurulmuş Osmanlı dili mövcud idi. Mirzə Cəlil "Papaslar" felyetonunda o vaxtkı osmanlıca (daha doğrusu, İstanbul dili) haqqında yazırdı:
"On beş milyon türk millətinin üç-dörd min ailəsinin məktəblərdə oxumuşlarını çıxandan sonra, qalanları dünyadan bixəbərdirlər. Ondan ötrü ki, İstambulda çıxan qəzetlərin dilini başa düşə bilmirlər və bu cəhətdən, məsələn, anadolu türklərinin mində biri bilmir ki, İstambulda nə var".
Saf, təmiz Azərbaycan türkcəsini sevən və məhz bu dildə yazan Mirzə Cəlü doğma dilinin məhz bu baxımdan osmanlılaşdırılmasının (əslində ərəb-fasrlaşmasının) əleyhinə idi. Bu məsələdə Mirzə Cəlilin böyük müasirləri, mədəniyyət, ictimai fikir tariximizdə dəyərli xidmətləri olan Əli bəy Hüseynzadə və Əhməd Ağaoğluyla mətbuatda gedən mübahisələri də məlumdur.
Vaxtilə sovet ideologiyası Əli bəy Hüseynzadəni və Əhməd bəyi pantürkist kimi damğalayaraq adlarını yasaq etmişdi. Yəni onları pantürkist, turançı saymaq yanlış deyildi, amma bu ideologiyanın, məsləkin Azərbaycan xalqına zidd bir əqidə kimi qələmə verilməsi kökündən səhv idi. Bu gün Əli bəyin də, Əhməd bəyin də işıqlı simaları xalqımızın mənəvi yaddaşında layiqli yeri tutduqları bir zaman biz "Füyuzatın" da "Molla Nəsrəddin" kimi xalqımızın mənəvi və mədəni təkamülündə əvəzsiz xidmətlərini lazımınca qiymətləndiririk... Amma bununla belə "Molla Nəsrəddin" və onun tutduğu mövqelə "Füyuzat" mövqeyi arasındakı ziddiyyəti də ört-basdır eləməməliyik. Və xüsusilə də, bu iki jurnalın dil məsələsinə, yəni xalqın anladığı, qavraya bildiyi bir dildə yazıb-yazmamaq, başqa sözlə, dildə də demokratiklik və elitarlıq məsələsinə müxtəlif şəkildə yanaşmasını danmamalıyıq. "Füyuzatçıların" yüksək səviyyəli, ancaq müəyyən mənada elitar üslubuyla "molla nəsrəddinçilərin" sadə xalqa ünvanlanmış yazıları arasında fərqi inkar etmək olmaz. Əlibəylərin, Əhmədbəylərin böyük şəxsiyyətlərini kiçiltmədən., dil siyasətində Mirzə Cəlil yolunun Azərbaycan üçün də, elə Türkiyənin özü üçün də daha perspektivli olduğunu əyani şəkildə gördük. Bunu Əli bəy özü də etiraf edirdi. Türkiyədən Azərbaycana gəlişində Mirzə Cəlillə görüşən Əli bəy "Molla Nəsrəddin"ə "yaxşı yazırsınız" qiymətini vermişdir. Bu isə belə böyük bir mütəfəkkirin və vətənpərvərin dilində xüsusi önəm daşıyan bir tərif idi. Öz fıkrini Əli bəy bir misalla da əsaslandırmışdı: "Topu yerə atrsan, o, torpağa dəyib, sonra yüksəyə qalxır".
Mirzə Cəlilin, Sabirin yüksəlməsi də məhz torpağa enib sonra ucalmaq idi.
"Vətən nə Türkiyədir türklərə, nə Türküstan,
Vətətı - böyük və müəbbəd bir ölkədir: Turan"
Ziya Göyalpın bir manifest kimi səslənən bu proqram beyti Əli bəy Hüseynzadənin də, Əhməd bəy Ağaoğlunun da həyatlarını qurban verdikləri əqidə idi. Bu gün biz siyasi və inzibati cəhətdən olmasa da, mədəni, mənəvi inteqrasiya nəticəsində Türk dünyası anlayışının gerçəkləşməsinə sevinirik. Beynəlxalq təşkilatlarda müstəqil türk dövlətlərinin bayraqlarının dalğalanması Ziya Göyalpın, Əli bəyin, Əhməd bəyin xəyallarında yaşayan bir arzu, bizim günlərin isə reallığıdır.
"Türk dünyası" istilahını işlətməsə də, Mirzə Cəlil üçün də belə bir dünya vardı. Çar rejimi dövründə İranda, Türkiyədə, Qafqazda, Türküstanda, İdil boyunda yaşayan türklərin ağrı-acılarını qələmə aldığı və "Molla Nəsrəddin" vasitəsilə bunların hamısına xitab etdiyi kimi, sovet dövründə də türk xalqlarının yeni, latın əlifbasının qəbul edilməsi uğrunda yorulmaz mübarizə aparırdı, bu məqsədlə türk dünyasının uzaq yerlərinə səfərə çıxırdı.
Amma bununla belə - məsələnin məğzi də elə budur - böyük Türk dünyasının içində Mirzə Cəlilçün məxsusi və daha yaxın bir dünya Azərbaycan dünyası da vardı və onun real problemləri böyük yazıçı üçün hər cür romantik xəyallardan daha üstün idi.
Azərbaycançılıq (təkrar edirəm, bu istilahı işlətməsə də) ideyasını müəyyənləşdirmək üçün Mirzə Cəlil yazılarında hətta ölkəsinin - Güneyli-Quzeyli - coğrafı hüdudlarını belə cızırdı.
Yaralı ürəyinin fəryadı kimi səslənən məşhur "Azərbaycan" felyetonunda (27 noyabr 1917-ci il) yazırdı:
"Ax unudulmuş vətən, ax yazıq vətən!.
Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram, özümdən soruşuram ki:
- Mənim anam kimdir? Öz-özümə də cavab verirəm ki:
- Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi.
- Dilim nə dildir?
- Azərbaycan dilidir.
- Yəni vətənim haradır?
- Azərbaycan vilayətidir.
Demək, çünki dilimin adı türk Azərbaycan dilidir, belə məlum olur ki, vətənim də Azərbaycan vilayətidir. - Haradır Azərbaycan?
- Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən. Qalan hissələri də Gilandan tutub, qədim Rusiya hökumətilə Osmanlı daxillərindədir ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kürdüstanından və Bayaziddən ibarət olsun.
Ax, gözəl Azərbaycan vətənim, harada qalmısan?
Gəlin, gəlin, ey unudulmuş vətənin cırıq-mırıq qardaşları! Gəlin görək, beşikdə yad millətlərin südünü əmmiş, vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar?! Niyə sakitsiniz, ey mənim lüt-üryan qardaşlarım?!".