Cəlil Məmmədquluzadə


ENSİKLOPEDİYASI

© Şərq-qərb, 2008

A B C Ç D E Ə F G H X İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

 

ƏBƏDİ MİRZƏ CƏLİL

- 1 -

Azərbaycan və dünya ədəbiyyatında sevdiyim yazıçılar çoxdur, ancaq ömrüm boyu ən çox sevdiyim, yaradıcılığına və həyat yoluna dönə-dönə müraciət etdiyim, irsiylə, keşməkeşli ömrüylə bir daha tanış olduqca mənəvi güc aldığım, məni incidən bir çox problemlərə yazdıqlarında cavab tapdığım sənətkar, şəxsiyyət, böyük və ulu insan - Mirzə Cəlil Məmmədquluzadədir.

Bu sevgimi, pərəstişimi müxtəlif bədii janrlarda ifadə etməyə çalışmışam. İlk dəfə Aleksandr Tvardovskinin redaktorluğu zamanı "Novıy mir" jurnalında dərc olunmuş "Anlamaq dərdi" essem, "Sizi deyib gəlmişəm" pyesim, "Dindirir əsr bizi" teletamaşam, ssenarisinin müəllifı olduğum və rejissor kimi quruluşunu verdiyim ikiseriyalı "Qəm pəncərəsi" bədii fılmi, böyük ədibin əsərlərinin motivləri əsasında yazdığım "Nigarançılıq" telessenarisi - ustadıma qaytarmaq istədiyim borcumun yalmz bir hissəsidir.

Bütün bunlara görə Mirzə Cəlil Məmmədquluzadə ensiklopediyasına "Ön söz" yazmaq təklifini məmnuniyyət və minnətdarlıqla qəbul etdim.

M.C.Məmmədquluzadə yaradıcılığa başladığı dövrdən daha artıq vaxt keçib - 100 ildən artıq. Və bu yüz ildən sonra da var olan sorunların, problemlərin çözülməsində ən etibarlı açar yenə də Mirzə Cəlilin əsərləridir. Bu gün - yüz ildən sonra da davam edən məfkurə mübahisə və müzakirələrində, insanın və millətin ləyaqəti, tərəqqisi, azad düşüncə uğrunda mübarizələrdə, libasını, qiyafəsini dəyişsə də, mahiyyətini dəyişməmiş cəhalətə, nadanlığa, xurafata qarşı savaşlarda, xalqın real sorunları, qayğıları, dərdləri haqqında yazmaq çağırışlarında Mirzə Cəlil sözü ən kəsərli silah olaraq qalmaqdadır:
"Bunların hamısını görə-görə, bilə-bilə və eşidə-eşidə gündə göbələk kimi artıb törəyən yazıçılarımız yazırlar, hər yandan yazırlar: yerdən, göydən, hürriyyətdən, şəriətdən, politikadan, İrandan, Turandan, ibarə, nəzm, qafiyə, şöhrət, ad... Müsəlman yazıçısı avama xoş gələn söz yazmasa, işi keçməz. Budur qanlı faciə... Mən özüm də bir az intelligentəm və hamı intelligentləri də belə qorxaq görmüşəm".

Böyük yazar haqqında söhbətə başlarkən fıkrim yüz üç il əvvələ - keçən əsrin ibtidasına qayıdır. Daha dəqiq desəm, XX əsrin ilk gününə - 1901-ci il yanvarın 1-nə. Bu gün - daha düzü, o gün - yeni yüz il başlayır. Nələr olasıdır bu əsrdə?
Yüz milyonlarla insanın həlak olduğu iki cahan müharibəsi... Saysız-hesabsız qanlı vətəndaş savaşları, dini, milli, dövlətlərarası, xalqlararası davalar. Belə döyüşlərin qurbanları - toplu halında iki dünya hərbinin qurbanlarından da sayca çoxdur.

İnqilablar və əksinqilablar, çevrilişlər, repressiyalar, konslagerlər - ölüm düşərgələri, qaz kameraları, sürgünlər, edamlar, yüz minlərlə insanın qaçqınlıq faciəsi, bütöv xalqların yurd-yuvasından didərgin salınması, fanatizm, terror... Totalitar rejimlərin tüğyan etməsi və süqutu... Bir tərəfdən möhtəşəm imperiyaların şişib-şişib sonda partlaması, darmadağın olması, neçə-neçə xalqın müstəqilliyə, azadlığa qovuşması, o biri tərəfdən dünyanın hələ çox ölkəsində, qitəsində hökm sürən aclıq, səfalət, zorakılıq... Bir tərəfdən elmin-texnikanın görünməmiş inkişafı - ağıllı maşınlar, kosmosa sıçrayış, Ayda insan ləpirləri, sinemanın, televiziyanın, internetin icadı, penisillin, anti-biotiklər, insanları sağalmaz xəstəliklərdən xilas edən başqa dərmanlar, o biri tərəfdən hələ də əlacı tapılmamış şəkər diabeti, xərçəng, QİÇS...

Sərnişinləri bir göz qırpımında qitədən qitəyə aparan, səsdən iti uçan təyyarələr və təyyarələr vasitəsilə törədilən kütləvi qırğınlar.

Osvensim, Xolokost, QULAQ, Kolıma, Hirosima və Xocalı... Stalin və Hitler... O biri tərəfdən Mahatma Qandi və Kamal Atatürk, böyük humanistlər - Martin Lüter Kinq, Alber Şveytser, Tereza Ana...
1956-cı və 1968-ci illərdə Xruşşov və Brejnev tanklarının tırtılları altında tələf edilən Macarıstan ümidləri və Praqa baharı... Qanına qəltan edilmiş Əfqanıstan... Və işğalın bu sayaq modelinin XX əsrdə 20-ci ilin aprelində ilk dəfə tətbiq olunduğu ölkə - Azərbaycan...

Azərbaycanın 1918-ci il mart faciəsi, cəmisi iki il sürən müstəqillik sevinci, Şeyx Məhəmməd Xiyabaninin Azadıstanı, 1937-ci ilin günahsız qurbanları, 21 Azər fərəhi və 21 Azər müsibəti. Hələ də sağalmamış 20 Yanvar yarası. Xalqımızın ikinci istiqlal bayramı və bu bayramın şadlığını-şadyanalığını ürək dolusu yaşamağa qoymayan Qarabağ dərdi...
Bir tərəfdən min üç yüz ildən bəri yasını tutduğumuz Kərbəla müsibəti, o biri tərəfdən:
"Bu gün Kərbəla meydanı Azərbaycandakı vətənpərvərlik meydanıdır. Yekə bir millətin dili, namusu, hüququ, vətəni təhlükədədir. Hər kimin ürəyində bir cüzi namus, vətən hissi varsa, oranın qeydinə qalmalıdır. Axıtmalı qanımız, ehsan etməli pulumuz varsa, gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı durur".

Bir tərəfdən pulunu xərcləməyə yer tapmayan harınlaşmış sovet tör-töküntüləri, o biri tərəfdən gözünü qaçqın çadırlarında açmış, gözünü açıb yalnız bu çadırları görmüş körpələr...

Amma bunların çoxu hələ irəlidədir. Mirzə Cəlilin hələ yaşanmamış, bir qismi yaşanılacaq, böyük bir qismindən xəbərsiz getdiyi illər, on illər, qərinələr...

Bu gün isə 1901-ci il yanvarın biridir. Və bu gün, məhz bu gün, 1901-ci il yanvarın 1-də - XX əsrin ilk günündə Qori seminariyasının məzunu, Naxçıvanın və sonralar Ermənistan adlandırılan Qərbi Azərbaycanın kəndlərində müəllimlik etmiş, bir müddət pristav vəzifəsində çalışmış Mirzə Cəlil ərizə yazıb xahiş edir ki, onu bu vəzifədən azad etsinlər - pristavlıq onun işi deyil. Hətta müəllimlik də onun işi deyilmiş. Daha doğrusu, o bir, ya bir neçə kənd məktəbinin müəllimi deyil, bütün bir millətin müəllimi olmaq üçün gəlibmiş bu dünyaya. Bu böyük vəzifəsini, bu tarixi missiyasını o gün hələ dərk etməsə də...

Mirzə Cəlil Məmmədquluzadə Azərbaycanın qədim guşəsində - Naxçıvanda dünyaya gəlib və özü yazdığı kimi, gözünü açan kimi dünyanı qaranlıq görüb - xurafat, cəhalət, fanatizm zülməti idi bu... Və o, bu qaranlığa işıq salmaq üçün gəlmişdi dünyaya.

Mirzə Cəlildən neçə yüz il qabaq Şərqin başqa bir işıqsaçanı - Molla Nəsrəddin varid olmuşdu dünyaya. Azərbaycanda uşaqdan böyüyə hər kəsin bildiyi lətifələrin qəhrəmanı Molla Nəsrəddin bir çox Şərq xalqının sevimli personajıdır. Onun mizah irsi İslam Şərqinin ortaq sərvətidir. Nəsrəddin Xoca, Nəsrəddin Əfəndi, Əfəndi adlarını daşıyaraq, o, Doğu Türküstandan Balkanlara qədər bütün müsəlman və türk dünyasını dolaşmışdır. O, nə coğrafı sərhədlər tanıyır, nə zaman hüdudları. Bəzi lətifələrdə o, Teymur Ləngin müasiridir, başqa lətifələrdə ayrı tarixi dovrün övladıdır. Onu bəzən məşhur ensiklopedist alim Nəsrəddin Tusiylə də eyniləşdirirlər. O, həmişəyaşardır, həmişə vardır.

O yerdə ki, xalq öz etirazını, narazılığını, qəzəbini ayrı vasitə ilə deyil, məhz zarafatla, kinayəylə, rişğəndlə, masqarayla ifadə etmək istəyir, o yerdə ki, möhnətini, ağrısını gülüşlə çatdırır, o yerdə ki, hakim-mütləqlərin zülmündən zinhara gəlmiş insanlar müstəbidi lağa qoymaqla ondan hayıf çıxır - o yerdə Molla Nəsrəddin zahir olur. O yerdə ki, pul sikkələri kimi fıkirlər də yalnız dövlət tərəfindən möhürlənir, o yerdə Molla Nəsrəddin qəlp pul kəsəndir.

1905-ci ilin Rusiya inqilabından sonra az bir müddətdə Mirzə Cəlil demiş, "nəfəs genliyi" əmələ gəldi və amansız çar senzurası qısa bir vaxt kəsiyində çox şeyə barmaqarası baxmalı oldu, mətbuatda ilıq mehlər əsməyə başladı. Və belə bir vaxtda Tiflisin küçələrilə addımlayan, qəmli düşüncələr aləminə qərq olmuş, çoxlarının qaradinməz saydıqları 40 yaşlı kişi - Mirzə Cəlil birdən-birə ayaq saxladı. Onun başına gözəl bir fıkir gəlmişdi: nəşr etmək niyyətində olduğu mizah jurnalına çox dəqiq, dürüst, sərrast ad tapmışdı: Molla Nəsrəddin. Jurnal üçün bundan da uğurlu ad tapmaq olmazdı.
"Molla Nəsrəddin" xalqın dərdini xalqın dilində, onun danışdığı və anladığı bir dildə deməliydi. O, ulu Molla Nəsrəddinin çağdaş varisi kimi nadanlığa, ətalətə, əsarətə meydan oxumalıydı. Bu niyyətin həyata keçməsi yolunda ilk addımdan Mirzə Cəlilin sadiq silahdaşı və əməkdaşı - Ömər Faiq Nemanzadə oldu.

Rəsmi dairələr Türkiyədə təhsil almış Ömər Faiqi belə bir jurnalın təsisçisi kimi yaxın buraxmazdılar. Amma Qori seminariyasında rus dilində oxumuş Mirzə Cəlilə nə sözləri ola bilərdi? Həm də elə bir dövr idi ki, senzura, dediyim kimi, əvvəllərdəki tək cövlan edə bilmirdi. Rusiyada çıxan yumoristik "Kukareku" jurnalında hətta çar II Nikolayın başını xoruz başı şəklində çəkmişdilər. Beləliklə, ayıq-sayıq senzuradan icazə alındı.

"Molla Nəsrəddin" jurnalının meydana gəlməsini C.Məmmədquluzadə sadə olduğu qədər də dərin və mənalı sözlərlə ifadə etmişdi: "Molla Nəsrəddin"i təbiət ozü yaratdı, zəmanə özü yaratdı.

Mirzə Cəlil yazırdı:
"Hələ Nikolay padşah bir saatlığa kənarda qalsın, bəs bizim öz qibləgahlarımızı nə eləyək? Bəs biz öz padşahlarmızın kefıni nə səbəbə sormayaq? Biz öz qibləgahlarımızın niyə dərdinə qalmayaq? Məgər bizim öz Nikolayımız yoxdur? Məgər Şərqin məhəmmədəliləri ölübdür? Məgər şahzadə məhəmmədəlilər tək bircədirlər? Bəs hədd-hesabsız prenslər, xanlar, sultanlar, hakimlər və məmurlar Nikolaydan geri qalırlar? Bundan keçəndən sonra əmmaməli həşəratı nə eləyək? Bəs onlar nə vaxtadək cənnət, abi-kövsər vədəsilə bədbəxt islam camaatının qanını soracaqlar? Bəs nə vaxtacan avam camaatı məscid moizəsi və imam mərsiyəsinə məşğul edə-edə elm-maarifdən və savaddan uzaq saxlayacaqlar?".

1906-cı il aprelin 7-də "Molla Nəsrəddin" jurnalının ilk nömrəsi çapdan çıxdı. Müəyyən fasilələrlə jurnalın fəaliyyəti 25 il davam etdi. Mirzə Cəlil Məmmədquluzadə jurnalın ətrafına XX əsrin əvvəllərində yaşayıb-yaradan ən qabaqcıl ədəbiyyat, sənət xadimlərini yığa bilmişdi. Jurnalda dramaturq Əbdürrəhim bəy Haqverdiyev, publisist Ömər Faiq Nemanzadə, nasir Məmməd Səid Ordubadi, bəstəkar Üzeyir Hacıbəyli, şairlərdən Əliqulu Qəmküsar, Əli Nəzmi, Salman Mümtaz və başqaları çıxış edirdilər. Böyük karikatura ustası Əzim Əzimzadəylə çiyin-çiyinə "Molla Nəsrəddin"də Şmerlinq, Rotter, Xəlil Musayev (Çoxski) fəal əməkdaşlıq edirdi. "Molla Nəsrəddin" jurnalı Mirzə Ələkbər Sabir kimi dahi şairin istedadının parlaması üçün ən münbit zəmin oldu. "Molla Nəsrəddin ədəbi məktəbi" deyəndə, ilk növbədə, nəsrdə və publisistikada Mirzə Cəlil özü, şeirdə Sabir yada düşür.

M.C.Məmmədquluzadə nəsrdə, publisistikada, dramaturgiyada inqilab yaratdığı kimi, M.Ə.Sabir də şeirimizdə inqilab yaratdı.

"Molla Nəsrəddin" jurnalı özü də bütünlükdə Şərq aləmində bir inqilab idi - mənəviyyatda, ictimai şüurda, yazı üslubunda inqilab... Qısa bir vaxt ərzində jurnal Qafqazda və İranda yaşayan Azərbaycan əhalisi arasında görünməmiş şöhrət qazandı. Sadə, anlaşıqlı dili, karikaturalarının sərrastlığı və aydınlığı, qaldırılan problemlərin kəskinliyi və konkretliyi - jurnalı xalqın ən savadsız təbəqələrinə belə tanıtdı, sevdirdi. Jurnalın şöhrəti Qafqaz hüdudların aşdı.
Hindistandan Afrikaya qədər bir çox ölkələrdə "Molla Nəsrəddin"in fəal oxucuları, abunəçiləri, könüllü müxbirləri vardı. Türkiyə, İran, tatar, Türküstan (özbək, türkmən, qazax, qırğız), Krım-tatar, Dağıstan ədəbiyyatlarında demokratik təmayüllərin inkişafına "Molla Nəsrəddin" misilsiz təsir göstərmişdir. Tatar xalqının böyük milli şairi Qabdulla Tuqayın "Molla Nəsrəddin"ə marağı hifz olunmuş fotoşəkildə əks edilib.

Toxunduğu məsələlərdə dar milli məhdudiyyət jurnala yabançı idi. O, bütün müsəlman dünyasının yaralarını açır, bütün İslam Şərqinə aid olan naqislikləri qamçılayır, yalnız Şərqlə kifayətlənməyib Qərbin müstəmləkəçi siyasətini damğalayırdı, imkan daxilində rus çarizminin, onun yerlərdəki nümayəndələrinin şovinist və antiislam mahiyyətini də ifşa edirdi. Tənqidi və ifşaedici fəaliyyətində jurnal təqribilik mərəzinə tutulmamışdı. Ümumi sözlər söyləmək istəmirdi.
Məhz buna görə də jurnala inanırdılar, ona etibar edirdilər. Buna görə də ondan qorxurdular və buna görə də jurnalın müxtəlif çeşidli qatı düşmənləri vardı. Çar məmurları da ona nifrət bəsləyirdilər, cahil dindarlar da, varlılar da, "gül-bülbül" şairləri də... Tiflis general qubernatoru jurnalı dəfələrlə qadağan etmişdi. İran hökuməti gömrük məntəqələrində jurnalın nüsxələrini yandırırdı. Bir şəxs Mirzə Cəlili öldürərsə, o şəxsin cəzasız olması haqqında fitva verilmişdi. Belə bir muzdlu qatil (indiki təbirlə desək, "killer") həmin məqsədlə Tiflisə varid olmuşdu və bu işdən xəbər tutan Mirzə Cəlil cibində tapança gəzdirirdi. "Molla Nəsrəddin"ə Bakı mollaları və Aşqabad bəhayiləri lənət yağdırırdılar. Onun ünvanına Qarabağ bəyləri və Dağıstan fanatikləri hədəli məktublar göndərirdilər.

Jurnalın düşmənləri arasında başqa növ adamlar - əhli-qələmlər də vardı. Kəlküttədə və Tehranda, Bakıda və Qazanda, Ufada və Peterburqda, Krımda və İstanbulda çıxan qəzetlərin səhifələrində "Molla Nəsrəddin"in tənqidi hər halda müəyyən ədəb-ərkan çərçivəsində idisə, bəzi indiki qəzetlərimizə çox oxşayan düşük və ucuz cəridələrdə böyük yazıçıya föhş və böhtan, küçə söyüşləri yağdıran uğursuz şairciklər, hər növ cızma-qaraçılar və yalnız nadanlıqda tam olan yarımçıq "yazıçı-publisistlər" də çömçə bulayırdı. Ümumiyyətlə, ömrü boyu Mirzə Cəlilin başı belə "millət qeyrəti çəkənlərdən" az çəkməyib. Həmin "millət qəhrəmanları" öz "ınilli qeyrətlərini" çox əlverişli və mənfəətli şəkildə gizli polisə verdikləri danoslarla uyğunlaşdırmağı yaxşı bacarırdılar.

Çar senzurası jurnalı kəsib-doğrayırdı. "Molla Nəsrəddin"in bir çox səhifələri ya tamam boş, ya da qan qırmızı xətlə çalın-çarpaz cızıqlanmış şəkildə çıxırdı; küt senzorların ağlına gəlmirdi ki, icazə verdikləri başqa kəskin materiallarla qonşuluqda bu pozulmuş, ləğv edilmiş səhifələrin təsir gücü daha da artır.

Mirzə Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin"i bu şəraitdə, bu mühitdə nəşr edirdi və bilirdi ki, rəsmi qadağalarla istər-istəməz hesablaşmalı olsa da, hər halda onun jurnalı istismar, yalan, riyakarlıq, zülm qaranlığında yeganə açıq şüur çırağıdır.

Mirzə Cəlilin köhnə dostu və silahdaşı Əbdürrəhim bəy Haqverdiyev xatırlayırdı ki, "Molla Nəsrəddin"in bir çox nüfuzlu düşmənləri, o cümlədən İrəvan və Naxçıvan xanları, Qarabağ və Gəncə bəyləri Tiflisə təşrif gətirərkən özlərinə borc bilirdilər redaksiyaya gəlsinlər, nifrətlərini şəxsən redaktorun özünə izhar eləsinlər. Ancaq M.C.Məmmədquluzadə ilə söhbətdən sonra onlardan bəziləri fıkirlərini tamamilə dəyişir və belə deyirdilər: "Əlbəttə, onun yazdıqları həqiqətdir. Amma, axı, hər həqiqəti yazmaq olmaz".

Həqiqətə belə ikibaşlı münasibət, həqiqətin hər hansı bir parçasını deyib, başqa, parçasını ört-basdır eləmək, yarımçıq həqiqət - bütün bunlar Mirzə  Cəlil vicdanının bütövlüyünə yabançı idi. Cəlil Məmmədquluzadə jurnalında oxucunun yalnız qəlbinə, hisslərinə deyil, fıkrinə, şüuruna da müraciət edirdi. Molla Nəsrəddinin başqa mollalardan fərqini izah edərək yazırdı: "Mən də mollayam, siz də molla. Amma mən müsəlman qardaşlara deyirəm: "Ey müsəlmanlar, gözünüzü açınız, mənə baxınız; amma siz mollalar deyirsiniz: "ey müsəlmanlar, gözünüzü yumunuz, mənə baxınız".

Əsrin əvvəllərində Azərbaycanda müxtəlif istiqamətli onlarla qəzet və jurnal nəşr olunurdu. Onları müxtəlif məsləkli yazıçılar, mühərrirlər nəşr edirdi - aralarında sağlar da vardı, sollar da və corab təkin yeri gələndə sağ, yeri gələndə sol olanlar da...

Səhifələr: 1 2 3 4 5

 

Yuxarı