A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q |
L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ƏBƏDİ MİRZƏ CƏLİL
- 4 -
"Anamın kitabı" pyesinin əsas ideyası da məhz bu yanğıdan mayalanr. Faciə müəllif tərəfindən həm ailə faciəsi kimi, həm milli faciə kimi, həm də sinfı faciə kimi yozulur. Bir-birilə də, ana-bacılarıyla da dil tapa bilməyən üç qardaş sadə xalqla, "qara camaatla" tamam-kamal ünsiyyətsizdirlər. Mirzə Cəlil ürək ağrısıyla bu qism ziyalılarla xalq arasındakı uçurumu göstərir. Göstərir ki, nicat yolunu yalnız başqa xalqların mədəniyyətini kor-koranə təqliddə görən ziyalılar heç kəsə - nə özümüzə, nə özgəsinə gərək deyil. Ən qəribəsi odur ki, bu növ ziyalılar da özlərini əsl vətənpərvər bilirlər. Amma bu cür "vətənpərvərlik" heç kimi, o cümlədən çar hökumətini də əsla təlaşa salmır... XX əsr Azərbaycan ictimai şüurunda, şərti olaraq, rusofillik, pantürkizm və panislamizm kimi üç cərəyanı "karikatürləşdirilmiş" şəkildə təcəssüm etdirən üç qardaş arasında keçilməz sədlər, aşılmaz çəpərlər, sal divarlar dayanıb.
Divarlar, divarlar, divarlar... "Anamın kitabı"nda da, "Dəli yığıncağında" da, "Ölülər"də, "Danabaş kəndinin əhvalatları"nda da divarlar ucalır - insanlar arasında, fikirlər arasında, insanla xoşbəxtlik, həqiqət, azadlıq, işıq arasında. Gərək ki, Emerson deyib: Hər bir divarın qapısı da olmalıdır". Cəlil Məmmədquluzadə də divarlarda qapı, heç olmasa, balaca bir pəncərə, dar bir nəfəslik arayır. Amma... "Baxmış bu müsəlmanlara qəm pəncərəsindən"...
Əgər Mirzə Cəlilin əsərlərində işıqlı bir bucaq, nurlu bir künc varsa, bu hökmən uşaqlıqla bağlıdır. Uşaqlarla və uşaqlıqla. "Ölülər"də İsgəndərin kiçik bacısı və qardaşı... "Danabaş kəndinin məktəbi"ndə kəndli balaları... Bu işıqlı və günahsız uşaq aləmini mövhumatın, cəhalətin ağır zəhmi basır. Ömrün yeganə az-çox qayğısız dövrü olan uşaqlıq haqqında fikir "Eşşəyin itməkliyi"ndə də, bir çox hekayələrində də ("Buz", "Pirverdinin xoruzu", "Saqqallı uşaq"), felyetonlarında da ifadə olunub. İnsanın uşaqlığı və xalqın uşaqlığı - folklor, nənələrimizin nağılları, analarımızın laylaları, çobanların məzəli sözləri - təmiz, saf, əbədi, ilkin bir qüvvə kimi bütün bunları Mirzə Cəlil dəbdəbəli və yalançı ədəbiyyata qarşı, riyakar əxlaqa qarşı, kölə həyatının eybəcərliklərinə və murdarlıqlarına qarşı qoyur. Xalq şüurunun çeşməsi, xalq mənəviyyatının çirklənməmiş qaynaqları burdadır. Bax, məhz bu qaynaqlar, insan ömrünün əzəli, əsas və sadə dəyərləri, təbiət duyumu - sal divarın qapısı, işıq gələn pəncərəsidir.
"Anamın kitabı"ndan danışarkən bir nöqtəni də xüsusi qeyd etmək istəyirəm. Beynəlmiləlçilik" sözü sovet dövründə nə qədər bayağılaşdırılsa da, nəcib bir anlayışdır. Bütün varlığıyla beynəlmiləlçi olan Cəlil Məmmədquluzadə bu əsərində Azərbaycan millətinin əsas mənəvi dəyərlərinə, ruhuna, dilinə, ənənələrinə zərər verə biləcək üç tendensiyanı pisləmişdir. Ancaq bizim sovet dövrü ədəbiyyatşünaslığımızda bu məsələ bir tərəfli təhlil edilib. Mirzə Cəlilin pantürkizmi və panislamizmi qəbul etmədiyi göstərilsə də (bu, müəyyən dərəcədə düz idi, müəyyən dərəcədə də o dövrün tələblərinə uyğun olaraq qabardılırdı), rus çarizminin ruslaşdırma siyasətinin də barışmaz düşməni olmasının üstündən keçilirdi. O vaxt böyük rus şairi və ziyalısı Aleksandr Tvardovskinin redaktə etdiyi "Novıy mir" jurnalında "Anlamaq dərdi" adlı yazımı dərc etdirərkən, mən bunu xüsusi vurğulamışdım. Moskvadan sonra Bakıda da bu essemi çap etdirərkən senzura məhz bunu buraxmaq istəmirdi və yalnız "Azərbaycan" jurnalının redaktoru, grkəmli yazıçımız, rəhmətlik İsmayıl Şıxlının israrlı təkidilə bu fikirləri saxlaya bildik. Həmin yeri bu yazımda da olduğu kimi gətirmək istəyirəm, halbuki, indi də bəzi bugünkü "millətçilərimizin" xoşuna gəlməyə bilər:
"Və məhz ruslaşdırmanın düşməni olduğu üçün o, rus mədəniyyətinin həqiqi dostu və təbliğatçısı idi. O, rus xalqını Rusiya imperiyasının təbəəsi kimi deyil, ləyaqətlə və səmimi qəlbdən sevirdi. Dünyaya Puşkin, Qoqol, Qlinka, Tolstoyu bəxş etmiş bir xalqın dühasına heyran olmuş adam kimi sevirdi; "Qurbanəli bəy" hekayəsində Cəlil Məmmədquluzadə nökər mahiyyətli bəy obrazı yaratmışdır; Çar zabitləri qarşısında quyruq bulayan bu nökər-bəyin yaltaqlığı da miskin və iyrəncdir. Və bu hekayəni böyük Qoqolun xatirəsinə həsr edərək Cəlil Məmmədquluzadə belə adamların satın alınmış rəğbətinə qarşı yüksək humanizm, mədəni dəyərlər, ədəbi həmfikirlik əlaqələrini qoymuşdur".
Erməni-müsəlman münasibətlərinin ən gərgin vaxtında, hər iki tərəfdən qanlar axıdılan bir dövrdə Mirzə Cəlil "Kamança" əsərini yazır. İnanmıram ki, erməni ədəbiyyatında belə yüksək insani və humanist dəyərlərə malik bir əsər mövcud olsun. Mirzə Cəlil dühasmm bir göstəricisi də odur ki, o özü erməni təcavüzkarlara qarşı əli silahlı vuruşa hazır olmaqla yanaşı, xalqının bir marağını, bir dəyərini, bir qarış torpağını heç kəsə qıymamaqla bərabər, xalqlar arasında, məhz azğın siyasətçilər, ifrat millətçi ziyalılar arasında deyil, sadə insanlar arasında düşmənçiliyin olmamasını istəyirdi. Dərk edirdi ki, körpələrini beşik başından başqa xalqa nifrət, kin, ədavət hisslərilə böyüdənlər öz xalqının da ayağının altında quyu qazırlar və gec-tez bu quyuya özləri düşəcəklər.
Keçmişin və indinin bütün qurbanəlibəylərinə qarşı amansız olan Mirzə Cəlil qələmi eyni barışmazlıqla yalançı vətənpərvərliyi, ucuz çayxana millətçiliyini, milli mənəm-mənəmlik təzahürlərini qamçılayırdı. O, dəqiq dərk edirdi ki, milli ləyaqət bir şeydir, milli lovğalıq tamam başqa şey. Vətən məhəbbəti gur bir vətəndaşlıq duyğusudur, amma, eyni zamanda dünyada ən fərdi, şəxsi, ən intim hisslərdən biridir. Vətənə sevgi barəsində gur səsli mikrofonlar vasitəsilə aləmə car çəkməyə nə hacət? Mirzə Cəlilin vaxtında, elə indinin özünəcən vətənə məhəbbəti gur səsli mikrofonlar vasitəsilə car çəkənlərin sayı az deyil. Belə aləmə bəyan edilmiş "vətənpərvərlik" həm təhlükəsiz şeydir, həm də çox mənfəətli. Mirzə Cəlil Məmmədquluzadə bu cür üzə görə "patriotizmə", məşhur olmaq, xal qazanmaq, alqış toplamaq, siyasi dividend yığmaq naminə göstərilən "vətənpərvərliyə" nifrət bəsləyirdi.
Vətənə məhəbbətin səmimiliyi və təmənnasızlığı bəzən paradoksal vasitələrlə sübuta yetir. Bu məhəbbət naminə "böhtançı", "antipatriot", "raillətə qara yaxan", "nihilist", "xalqı təhqir edən" və başqa bu kimi damğalar da qazanmalı olursan. Bu gün Cəlil Məmmədquluzadə klassikdir, onun heykəli Nizami muzeyinin avandında ədəbiyyatımızın böyük simaları sırasında ucalır və bu gün də hətta heykəl olmuş insanı belə, "kollaborasionist", yəni "vətən xaini", "vətənini satmış" adlandıranlar tapılır...
Mirzə Cəlil demiş: "Maşallah söz danışana! Götürüb qarpız qabığını şappıltı ilə vurasan bu cür sözləri danışanın ağzından, ağzını yumsun, qoysun, getsin işinə. Müsəlmana ağıl fıkirləşmək üçün verilməyib, məşğulat üçün verilib".
Belələrinin bu gün dedikləri əsrin əvvəlindəki cahillərin ittihamlarıyla necə də həmahəng səslənir. Haçan yaşamalarından asılı olmayaraq - XX əsrin əvvəlindəmi, axırındamı bu sayaq insanlar məgər başa düşə bilərlərmi ki, ən acı sözlər, ən kəskin boyalar, ən tünd təsvirlər yalnız xalqa böyük, təmənnasız məhəbbətdən, yandırıb-yaxan ürək ağrılarından doğula bilər.
Onlardan hansı biri Mirzə Cəlil ağrısını duymağa qadirdir?
"Hərdən otururam və papağımı qoyub fıkirləşirəm, öz-özümə deyirəm: ay rəhmətliyin oğlu, axı, bu müsəlmanlardan nə istəyirsən? Sonra öz-özümə cavab verirəm ki, vallah, heç özüm də bilmirəm ki, nə istəyirəm. Lal ol, ay Molla! Nə səmər hasil olacaq bu sözlərdən? Kimdir sənə qulaq verən? Kimdir məcmuə və qəzet oxuyan? Qulaqlar kar, gözlər kor, zövqlər məhv... Kimdir etina edən sənin həcv və məsxərənə? Sən ha yaz, yaz, yaz, yaz...".
Bu sözlərin ağrısını duymamaq üçün, doğrudan da, gərək qulaqlarn kar, gözlərin kor, beynin iflic olmuş olsun...
Mirzə Cəlilə (elə Sabirə, Mirzə Fətəliyə, Azərbaycanın bütün işıqlı adamlarına) qarşı səslənən çərənləmələr 90 il bundan öncəki zəvzəkləməklərin təkrarıdırsa, böyük yazıçının da 90-95 il bundan qabaq yazdıqları sanki elə bu gün yazılıb:
"Hər bir müsəlman qəzetini alırsan əlinə, görürsən yazılıb: maşallah filan milyonçu, maşallah filan millətpərəst, maşallah filan xan, filan bəy, filan kərtənkələ... (bu son sözlərdə lap hövsələdən çıxdığını hiss edirsən - A.). Müsəlman ədibi və mühərriri əlinə qələm götürəndə böyük və nüfuzlu bir adamın barəsində mədhiyyə yazmasa, yəqin bicdir və atasından xəbəri yoxdur. Amma heç biri yazmır ki, bir yandan minlərcə müsəlman acından ağlaşır və bir yandan da minlərlə manatlar xərclənir qonaqlıqlara, şöhrət ehsanlarına, qara neftə, püstə-badama, barışna və madama, sözü bir dəfə deyərlər adama...".
M.C.Məmmədquluzadənin sağlığında ona yönələn ittihamlar bəzən indi də səslənirsə, deməli, onun nadanlığa, avamlığa, cəhalətə vurduğu zərbələrin yeri indi də kimisə göynədir.
Mirzə Cəlilin bəzi çağdaşları da deyirdilər ki, guya o öz xalqını biabır edib, onun ən naqis cəhətlərini qabardıb, şişirdib, nə bilim daha nə edib. Bu ədəbi inkarçılar, diqqəti çəkmək üçün bu sayaq "orijinallıq" edənlər, öz "vətənpərvərliklərini" daha artıq qiymətə satmağa can atan cır səsli cırtdanlar özlərini "milli qeyrətin" qoruyucuları kimi göstərərək, Azərbaycanı Mirzə Cəlil Məmmədquluzadədən - xalqın qeyrət və ləyaqətinin ən yüksək daşıyıcılarından biri olan ölümsüz yazıçıdan "müdafiə" etmək istəyirdilər. Bu adamlar anlaya bilərdimi ki, sənətkar oğlunun əliylə, gözüylə, şüuru və qəlbiylə öz nöqsanlarını duyan, görən, düşünən, yazan xalq yetkin xalqdır, milli şüurun yüksək pilləsinə ucalmış xalqdır.
Əsrin əvvəllərində məşhur olan gürcü həkim Topuridze Mirzə Cəlil haqqında demişdir: "Belə satirik qabiliyyətə malik olan adamlar min ildə bir dünyaya gəlirlər. Onun mənsub olduğu xalq xoşbəxtdir".
Bu gün biz müstəqil Azərbaycanımızda demokratik cəmiyyət qurmaq istəyirik, demokratiyanın çətin yollarında ilk addımlarımızı atırıq. Demokratiyanın əsas özəlliklərinin birini hələ VIII əsrdə böyük fransız maarifçisi Volter belə ifadə edib: "Mən sizin fikirlərinizlə qətiyyən razı deyiləm. Amma mən sizin öz fikirlərinizi istədiyiniz kimi bəyan etməyiniz üçün həyatımı qurban verməyə hazıram".
Bu gün çoxpartiyalılıq, plüralizm, çoxrənglilik şəraitində razılaşmadığımız fikirlərlə mübahisə etmək, öz mövqeyimizi məntiqlə sübut etmək əvəzinə bəzən bizim kimi düşünməyən hər kəsə qarşı amansız bir dözümsüzlük göstərir, onu təhqir etməkdən belə çəkinmirik. Elə yazıçılar da tapılır ki, həmkarlarına necə və nədən yazmaq haqqında, hətta əsərlərinə hansı adı qoyub qoymamaq barəsində lovğa-lovğa öyüd-nəsihət edir. Belə yerdə yenə də böyük Mirzə Cəlilin sözləri yada düşür:
"Heç bir fikir sahibinə demək olmaz ki, qandığını at, mən qandığımı tut. Heç bir şairə demək olmaz, elə yazma, belə yaz. Altı ildir yazırıq və altı ilin ərzində yazdığımız sözləri bu saat yenə min dəfə təsdiq edirik. Oxucularımız dağılıb bircə nəfər qalınca yazacağıq, yazacağıq".
1920-ci ildə müəyyən ictimai-siyasi səbəblər üzündən Mirzə Cəlil Məmmədquluzadə ailəsilə İrana köçür. Cənubi Azərbaycanın mərkəzi Təbrizdə məskən salır, Güney Azərbaycanda azadlıq hərəkatının rəhbəri Şeyx Məhəmməd Xiyabani ilə görüşür, dərhal "Molla Nəsrəddin" jurnalının nəşrini təşkil edir. Təbrizdə yazıçı özünü özgə işinə qarışmayan qonaq kimi aparmırdı. Həm də, axı, bura özgə yer də deyildi, doğma xalqının başqa boyük paytaxtı idi. Satira hədəflərini sərraf gözüylə müəyyənləşdirən təkin Mirzə Cəlil "Molla Nəsrəddin"in ilk Təbriz nömrəsində İran həyatının, Cənubi Azərbaycan mühitinin eybəcər cəhətlərini qamçılayan kəskin felyetonlar dərc etdi. Həm də jurnalı fars dilində çıxarmaq təklifini rədd edərək Azərbaycan türkcəsində buraxdı. Jurnalın elə ilk nömrəsi bomba təsiri bağışladı və dərhal da valinin göstərişi ilə yığışdırıldı. Amma yazıçı geri çəkilmədi. İran və Güney Azərbaycan problemlərinin bütün mahiyyətini açıb göstərən bir sıra proqram felyetonlar yazdı.
Jurnalın Təbriz nömrələrini böyük çətinliklə araya-ərsəyə gətirmək olurdu. Yenə də senzura, indi də şah senzurası, jurnalın işinə böyük əngəllər törədirdi. 1921-ci ildə Təbrizdə jurnalın beş nömrəsi çapdan çıxmışdı.
Qeyd etdiyim kimi, Tiflis dövründə Mirzə Cəlil "Molla Nəsrəddin"in ətrafında qabaqcıl ziyalıları toplaya bilmişdi; M.Ə.Sabir, Ə.Haqverdiyev, Ömər Faiq Nemanzadə, Ordubadi, Qəmküsar, Əli Nəzmi və başqaları jurnal səhifələrində "Hophop", "Mozalan", "Filankəs", "Dəmdəməki", "Hərdəmxəyal", "Qızdırmalı", "Lağlağı", "Məşədi Sijimqulu" və sairə təxəllüslərlə çıxış edirdi. Təbrizdə jurnalı başdan ayağadək bircə nəfər - Cəiil Məmmədquluzadə özü yazırdı. Amma müxtəlif felyetonların, xəbərlərin, məktubların altında köhnə dostlarının və həmfikirlərinin təxəllüslərini qoyurdu. Bəlkə, bu da bir təsəlli idi - ona elə gəlirdi ki, köhnə silahdaşları, dostları, hətta Sabir kimi vəfat etmiş dostu da onunla buradadır, çiyin-çiyinə çalışır və çarpışırlar.
Təbrizdə Mirzə Cəlil bərk darıxırdı. O, buranın kəsif mühitində boğulurdu:
"Yer üzündə ikicə şəhərdə hamamların tulanbarında peyin yandırırlar, bir Naxçıvanda, bir də Təbrizdə". Mirzə Cəlil "Tüstü” felyetonunda belə yazırdı: "...tək bircə nəfərin də fikrinə gəlmir ki, dünyada yaşamaq ibarət deyil ondan ki, səhər dükana gedib axşam abi-güştü yeyib yatasan. Sən ki, hamamın qoxumuş peyininin, üfunətli tüstüsünün içində yaşayacaqsan, dəxi niyə özgə millətləri bəyənmirsən ki, onlar hamamlarının tüstüsü ilə qonşuları boğmurlar. Hər yan tüstüdür, məclislərdə və evlərdə duxaniyyət və məşrubat tüstüsü, küçələrdə hamam tüstüsü, mənəviyyatda mövhumat tüstüsü, ruhda və qəlbdə kəsafət tüstüsü. Xülasə, millət tüstü içində boğulmaqdadır və boğula-boğula nicata müntəzirdi... Millət boğulur, tüstülər milləti hər tərəfdən əhatə eləyib, Əgər dadü-fəryada tez yetişməsəz, mümkündür ki, millətdən bir əsər qalmaya. Tələsmək lazımdır".
Təbriz təəssüratları Mirzə Cəlilin "Dəli yığıncağı" adlı pyesində də əks olunub. Əgər "Ölülər"də ölülərlə diriləri bir-birindən ayırmaq çətindisə, bu pyesdə "dəlilərlə" "ağıllılar" arasında bir fərq bulmaq zor işdir.
Azərbaycan radiosunda işlədiyim zaman Mirzə Cəlilin üç əsərinin -"Ölülər", "Dəlilər" ("Dəli yığıncağı") və "Dirilər" ("Danabaş kəndinin məktəbi") adlarıyla radio tamaşalarını hazırladıq (rejissoru Tofıq İsmayılov). Bu üç əsərin süjet, məkan, personajlar baxımından deyil, daha dərin mətləblər, fikir və qayə cəhətdən bir-birini tamamlamasını bir daha bütün aydınlığı ilə hiss etdim. Yeri gəlmişkən, onu da qeyd edim ki, Mirzə Cəlilin pyeslərinin şərəfli bir səhnə tarixçəsi var. Amma şəxsən özümün gördüyü üç tamaşanın təsiri mənimçün unudulmazdır. Tofiq Kazımovun quruluşunda "Ölülər", Mehdi Məmmədovun quruluşunda "Dəli yığıncağı" və Azərpaşa Nemətovun quruluşunda "Danabaş kəndinin məktəbi" tamaşalarını nəzərdə tuturam.
"Dəli yığıncağı" əsərinə gəldikdə kimin dəli, kimin ağıllı olduğunu heç cür müəyyənləşdirə bilməyən əcnəbi psixiatr Lalbyüz bu adamların arasında key-key dolaşır və elə hey özü üçün aydınlaşdırmaq istəyir: "Kim dali?", yəni dəli kimdir? Bir replikayla "Sən ki, bu xalqın dilini bilmirsən, onu necə müalicə edəcəksən" sözlərilə Mirzə Cəlil çox böyük bir mətləbə toxunur -Qərb təfəkkürlü insanların Şərq mentalitetini heç cür qavraya və anlaya bilməməsi - tək "Dəli yığıncağı"nın deyil, bu əsərdən çox-çox qabaqlar yazılmış başqa bir komediyanın da əsas mövzusudur: Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasını nəzərdə tuturam. İlk baxışda məzəli bir zarafat təsiri bağışlayan fikirlərdə - Hətəmxan ağanın Avropayla Şərqi müqayisə edən sözlərində əslində dərin bir hikmət var. Mirzə Fətəlinin pyesində müsyö Jordan kimi, "Dəli yığıncağı" əsərində doktor Lalbyüz da bu son dərəcə ciddi məsələnin canlı rəmzləridir. Qərbin, Avropanm Şərqi, o cümlədən Azərbaycanı heç cür anlaya bilməməsi - bu gün da aktual bir mövzu olaraq qalır. Məsələ onda deyil ki, Lalbyüz ağıllısı-dəlisi bilinməyən bir mühitə düşüb, yaxud avam arvadlar dərviş Məstəli şahın köməyilə Parisi "dağıdıb" müsyö Jordana qalib gəlirlər. Məsələ ondadır ki, iki fərqli dünyagörüşünün təması çox vaxt qarşılıqlı anlaşılmazlıq divarlarıyla üzləşir. Bu gün qloballaşma adıyla mediamızda kütləvi və deməli, ucuz amerikanlaşmanın (ABŞ-ın həqiqi böyük ədəbiyyatı, sineması, sənəti var, söhbət onlardan getmir) şahidi oluruqsa, milli əxlaqi dəyərlərimizin bayağı şoular vasitəsilə aşınmasını görürüksə, cürbəcür "izm"lər adı altında sənətə, ədəbiyyata bədii iqtidarsızlığın və istedadsızlığın sındığını müşahidə ediriksə, doğrudan da, sual etmək istəyirsən: "Kim dali?".
Və bu sualın cavabında yalnız Mirzə Fətəlinin və Mirzə Cəlilin şərqli personajlarının deyil, müsyö Jordanın da, doktor Lalbyüzün da adları çəkilməlidir.
Yazıçının arvadı Həmidə xanım xatırlayır ki, Təbrizdə Mirzə Cəlil Məmmədquluzadə, demək olar ki, eyni vaxtda iki təklif aldı: Bakıdan və Tehrandan: "Mayın 2-də (1921-ci il) Cəlil Məmmədquluzadə Bakıdan Azrevkomdan teleqram aldı ki, o, yekdilliklə maarif komissarı seçilib, ailəsiylə birlikdə Bakıya dəvət olunur. Ələvi (yazıçının Təbriz tanışı) gəldi və Mirzə Cəlili dilə tutmağa başladı ki, getməsin, onsuz da orada eləməli iş qalmayıb, burada qalıb daha çox xeyir vermək, xalqı oyatmaq, dirçəltmək olar və s. Sonra dedi ki, Tehrandan xəbər gəlib, Cəlil Məmmədquluzadəyə təklif etmək istəyirlər ki, maarif idarələrinə rəhbərlik eləsin".
Beləliklə, taleyin qəribə hökmünə görə, eyni zamanda iki hökumət - Azərbaycan sovet hökuməti və şahənşah İran hökuməti Mirzə Cəlilə maarif naziri vəzifəsini təklif edir. Bir yandan onu elə ictimai quruluş dəvət edirdi ki, yazıçının o vaxtkı düşüncəsinə görə məhz bu quruluşda onun uğrunda ömrü boyu mübarizə apardığı amalları həyata keçirmək mümkün olacaq. O biri tərəfdən onu dəvət edən şahənşah quruluşuna qarşı da ömrü boyu barışmaz mübarizə aparmışdı. Həmidə xanım xatırlayır:
"Mirzə Cəlil mənə belə deyirdi, Bakıdan məni maarif naziri vəzifəsinə dəvət edirlər, amma mən qulluq etmək iqtidarında deyiləm. Orda xahiş edəcəm, mənə imkan versinlər ki, əvvəlki kimi yenə də "Molla Nəsrəddin" jurnalını nəşr edim. Mənim vəzifəm gülüşə layiq şeylərə gülmək, onları tənqid etməkdir. Güman edirəm ki, indi orada tam bir mətbuat azadlığı var, ən çox da məni cəlb edən budur".
Nə yazıq ki, çox az müddətdən sonra Mirzə Cəlil Sovet Azərbaycanında nə kimi "mətbuat azadlığı" olduğunu gördü. Və bir çox başqa məsələlər barədə də nə qədər yanılmış olduğunu dərk etdi.
Hər halda, 1921-ci il mayın 24-də M.C.Məmmədquluzadə böyük külfətini götürüb Təbrizdən Bakıya yola düşdü. Bakıda oxutdurmaq üçün on nəfər təbrizli uşağı da özüylə gətirirdi.
İlk gəlişində M.C.Məmmədquluzadə Azərbaycanda sovet hakimiyyətini alqışlamışdı. Bu quruluşa xidməti də mövcud olan nöqsanları tənqid etməkdə görürdü. Hələ 1922-ci ildə, yəni sovet bürokratik sisteminin tam oturuşmadığı vaxtda gələcəkdə bu sistemin hansı acı ziddiyyətlərə bais olacağını öncədən görərək yazdığı felyetonların birində belə bir səhnə var. Dəmiryol vağzalında bir kassanın qarşısında xeyli adam dayandığını, başqa açıq kassanın qabağında isə heç kəsin olmadığını görür. Səbəbini soruşanda deyirlər ki, bu ikinci kassa yüksək rutbəli dövlət məmurları üçündür. Bu yerdə Mirzə Cəlil öldürücü sarkazmla təklif edir ki, yaxşı olar, ikinci bir dəmir yolu da çəksinlər, biri adi adamlar üçün, o biri dövlət məmurları üçün.
Kommunist təkəbbürü, bürokratizm süründürməçiliyi, doqmatizm azarı, cümləpərdazlıq və s. kimi nöqsanlar Sovet hakimiyyətinin lap erkən çağlarında yazıçının iti nəzərindən yayınmamışdı. Və az sonra xoş ümidlərində yanıldığını dərk edərək, Mirzə Cəlil yarıciddi-yarızarafat məşhur sözlərini demişdi: "Qardaş, biz, axı, belə deməmişdik".
Haşiyə çıxaraq deyim ki, mən həmin bu sözləri Mirzə Cəlilin dilindən "Ağ liman" povestimə salan zaman, redaktor bunu heç cür buraxmaq istəmirdi.