Cəlil Məmmədquluzadə


ENSİKLOPEDİYASI

© Şərq-qərb, 2008

A B C Ç D E Ə F G H X İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z

 

ƏBƏDİ MİRZƏ CƏLİL

Doğrudur, vətənə qayıtdığı ilk zamanlarda (güman ki, Nəriman Nərimanovun diqqəti və qayğısı sayəsində) Mirzə Cəlilə məhsuldar işləməsi, "Molla Nəsrəddin" jurnalını nəşr etməsi üçün şərait yaradılmışdı, hökumətin qərarıyla jurnala külli miqdarda pul ayrılmışdı; 1922-ci il noyabrın 2-də "Molla Nəsrəddin" in ilk sovet nömrəsi işıq üzü gördü. Qərar verilmişdi ki, "Molla Nəsrəddin" təyyarəsini düzəltmək üçün pul yığılsın. M.C.Məmmədquluzadə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin (o vaxtkı "sovet parlamentinin") üzvlüyünə namizəd seçilmişdi. O, yeni əlifba komitəsinin üzvü idi.

Azərbaycanın hökumət nümayəndə heyətinin tərkibində (nümayəndə heyətinə Ağamaloğlu başçılıq edirdi) Krıma və Tatarıstana, Orta Asiya respublikalarına səfərə çıxmışdı. Məqsəd yeni latın əlifbasının təbliği idi.
İlk dövrlərdə M.C.Məmmədquluzadənin yaradıcılığı ictimaiyyətin diqqət mərkəzində idi. Kitabları nəşr olunurdu, o vaxtlardakı dəbə uyğun olaraq Bakıda geniş ictimai-ədəbi məhkəmə-disputlar keçirilirdi, "Ölülər"in personajları "mühakimə" olunurdu. Bu "mühakimədə" respublika Xalq Komissarları Sovetinin sədri N.Nərimanov da iştirak etmişdi.

Ancaq bütün bunlarla bərabər, yazıçının son illərini kölgələyən acı faktların üstündən keçmək də olmaz. Cürbəcür ədəbi cırtdanların ona qarşı kobud və əsassız hücumlarını yada salmamaq qeyri-mümkündür. Ömrünün son illərində onun taleyinin kədərli səhifələrini gizlətməməliyik.

Mirzə Cəlil M.F.Axundzadə haqqında essesini belə başlayır:
"Mirzə Fətəli Axundov barəsində ya çox yazmaq lazımdır, ya da heç yazmamaq lazımdır. Mirzə Fətəli Axundov barəsində ya yaxşı yazmaq lazımdır, ya heç yazmamaq lazımdır".

Bu tövsiyələr Mirzə Cəlilin özünə də aiddir. Ancaq bu iki tövsiyəyə üçüncüsünü də əlavə etmək gərəkdir: "Mirzə Cəlil Məmmədquluzadə barəsində ya həqiqəti yazmaq lazımdır, ya da heç yazmamaq lazımdır"...Həqiqət isə ondan ibarətdir ki, ömrünün son illərində M.C.Məmmədquluzadə təqiblər, anlaşılmazlıqlar, ağır təzyiqlər şəraitində yaşayıb-yaradırdı. Onun kimi söz sərrafını yarımçıq yazıçılar dil pintiliyində təqsirləndirirdilər. Onun kimi təpədən-dırnağa vətənpərvər sənətkarı nöqsan cəhətləri şişirtməkdə suçlayırdılar. "Maarif və mədəniyyət" jurnalında N.Dubinski "qəribə bir faktı" qeyd edirdi: "Sovet Azərbaycanında liberal və azadxah "Molla Nəsrəddin" jurnalı çap olunur. Jurnalın nəşri üçün kifayət qədər pul buraxılır. Əslində isə bu jurnal yalnız redaktorunun orqanıdır. Zənn edirik ki, buna son qoyulacaqdır".

M.C.Məmmədquluzadə qarşısında qəti tələb qoyulmuşdu: İran hökumətini və şəxsən müstəbid Rza şahı tənqidə yol verməməlidir. Qlavlitin (senzuranın) müdiri H.Terequlov Mirzə Cəlilə yazırdı ki, "Molla Nəsrəddin"də dərc olunan bütün materiallarda onun icazəsi olmalıdır.

1925-ci ildə M.C.Məmmədquluzadə M.S.Ordubadiyə məktub yazır: "Çoxdan bu fıkrim vardı ki, indi yaxşı bəhanə də düşdü o fikri əmələ gətirməyə: mənim qəti qərarım budur ki, dəxi "Molla Nəsrəddin" jurnalını çıxartmaqdan bilmərrə əl çəkmək, evdə oturmaq və hökumətimizdən beş-on manat pensiya istəmək ki, elə bilirəm, ona bəlkə haqqım da ola və pensiya da olmasa, bir özgə mənbədən bir müxtəsər xərclik axtarmaq... Əgər "Molla Nəsrəddin"in nəşri hökumətə lazım olsa, heç sözüm yoxdur, özgə bir imza ilə məcmuənin nəşrinə heç müqavimət yoxdur. Hətta yaza bilsəm, sətir haqqının sahibi olaram. Amma bunu yenə deyirəm ki, bundan sonra mənim imzam məcmuədə görünsə, o vədə şikayətçi olsam, gərək heç kəs məndən inciməyə".

1926-cı ildən jurnal Cəlil Məmmədquluzadənin redaktor imzası olmadan çıxır, jurnala "redaksiya heyəti" imza atır.

M.C.Məmmədquluzadənin pensiya, bir müxtəsər xərclik istədiyi illərdə Bakıda onun dostu və silahdaşı, istedadı "Molla Nəsrəddin" səhifələrində parlayan Sabirə heykəl ucaldıldı. Abidənin təntənəli rəsmi açılışına Mirzə Cəlili çağırmağı "unutmuşdular". Yəqin ki, M.C.Məmmədquluzadə 1910-cu ildə vəfat etmiş Sabiri xatırlayaraq düşünürmüş ki, bəzən vaxtında ölmək də vacib imiş.

1923-cü ildə "Molla Nəsrəddin" gecəsi keçirilirdi. Həmidə xanım bu gecəni belə xatırlayır:
"Hamımız orada idik, lojada, ikinci yarusda oturmuşduq. Mirzə Cəlil həyəcanlı idi, nə isə düzəlmirdi, tənəffüslərdə musiqi çalınmırdı. Gecəni təşkil edənlər haradasa kefdə idilər və musiqi də onlar üçün çalırmış. İkinci hissədən sonra pərdələr qalxmadı, camaat təəccüb qalmışdı. Sən demə, artistlər oynamaqdan imtina ediblər, çünki gecənin təşkilatçıları onlara ikinci hissədən sonra pul vermək boyun olublarmış və vədlərinə xilaf çıxıblar... Əməlli-başlı biabırçılıq idi. Mirzə Cəlil hiddətlənmişdi, hamımıza dedi ki, elə bu saatca çıxaq gedək evə. Biz çıxıb getdik. Mirzə Cəlil yolda mənə dedi: "Bundan sonra heç vədə yubileyimin keçirilməsinə razılıq vermərəm". Bu qəmli təsviri oxuyarkən Mayakovski sərgisinin RAPP-çılar tərəfindən baykot edilməsi yada düşür. Düşünürəm ki, M.C.Məmmədquluzadə və Mayakovskini yaxınlaşdıran bir çox cəhətlər var - talelərində də, ədəbi xarakterlərində də, hətta bəzi məişət cizgilərində də. Bu yaxınlıq boyük şeylərdə görünür - hər ikisi riyakarlığa, yalana nifrət edirdilər, hər ikisində güclü yumor hissi vardı, hər ikisi əsərlərində döyüşkən, dalaşqan, itidil, həyatda isə həssas, kövrək idilər. Hər ikisi inandıqları amalların nə şəkildə eybəcərləşdirildiyini görmüş və amansız xəyal qırıqlığına uğramışdılar. Bu yaxınlıq xırda şeylərdə, maraqlı məişət detallarında da görünür: Mirzə Cəlil də Mayakovski kimi ürəyinə yatmayan adama əl verməyə məcbur olandan sonra dərhal gedib əlini sabunla yuyarmış.

Həmidə xamm yazır ki, "natəmiz adamları o, qoxusundan tanıyırdı".

1931-ci ildə "Molla Nəsrəddin"in nəşrinin 25 illiyi tamam oldu. Həmidə xanım soruşanda ki, neçin bu yubiley qeyd olunmur, Mirzə Cəlil belə cavab verir: "25 illiyi qeyd eləmək tezdir, Allah qoysa, 75 illiyini qeyd edərlər". Bu, kinayə idi. O, 1923-cü ildə "Molla Nəsrəddin" gecəsindəki biabırçılığı unutmamışdı.

1931-ci il yanvarın 7-də "Molla Nəsrəddin" jurnalının son nömrəsi çıxdı. Cəlil Məmmədquluzadə bu gündən sonra cəmisi bircə il yaşadı. 1932-ci il yanvarın 4-də vəfat etdi.

Ömrünün son illərində xəstəliklər, maddi sıxıntılar, ailə çətinlikləri ona çox əziyyət verirdi. Mirzə Cəlilin qızlığı Mina intihar etmişdi.

Həmidə xanım görkəmli maarifçi Əhməd bəy Cavanşirin qızı idi. Onun atasının və elə özünün də böyük xidmətlərini layiqincə qiymətləndirmək əvəzinə, Sovet hökuməti bəy qızı kimi onu bir çox məhrumiyyətlərə düçar edirdi və bu da Mirzə Cəlili çox incidirdi.

Yazıçının səhhəti pis idi. "Molla Nəsrəddin" jurnalının katibi Azərbaycan Xalq Komissarlar şurasının sədrinə yazırdı ki, Cəlil Məmmədquluzadə ağır xəstədir, kurort müalicəsinə ehtiyacı var, amma bunun üçün maddi imkanı yoxdur. Hökumət M.C.Məmmədquluzadəyə 200 manat pul və Kislovodska putyovka verir. Həmidə xanım xatırlayır:
"1930-cu ildə dekabrın axırında Mirzə Cəlil Kislovodskdan evə qayıdarkən onu müalicə edən həkim yazıçıya bağlı bir zərf verir və Bakıdakı həkiminə yetirməsini xahiş edir. Sonralar Mirzə Cəlil etiraf edib ki, Bakıyacan dözməyib, zərfı açıb məktubu oxuyub. Orada yazılıbmış ki, xəstənin işi bitib, iki aydan çox yaşamaz. "1931-ci ilin dekabrında mənə dedi: "Amma həkim düz bilməyib. O, deyən vaxtdan on ay da çox yaşayıram".

Səhhətinin xarablaşması, çeşidli mənəvi və məişət qayğılarıyla əlaqədar yorğunluq və bezginlik Mirzə Cəlilin bu dövr məktublarında aydın-açıq sezilir. Kislovodskdan Həmidə xanıma yazırdı: "Uzaq Kislovodskdan mehriban Həmidəyə salam göndərir və ona təşəkkür eləyirəm ki, mənə vaxtında iki oğul bəxş etmişdir. Onların hər ikisi bu ağır günlərimdə mənim ağıllı köməkçilərim oldular".

Başqa bir məktubunda yazırdı: "Mənə məktub yazın, amma siyasətdən yox. Həyatım onsuz da məhv olub".
Həmidə xamm xatırlayır: "Mirzə Cəlil həmişə deyərdi ki, uşaqları yaxşı yedizdirmək lazımdır, yoxsa xəstələnər və ölərlər. Amma yaxşı yedizdirməyə maddi imkam çatmırdı, ona görə də həyəcanlanır, əzab keçirirdi, əsəbi olmuşdu. Gedib bir kömək istəməyə də razı deyildi. Ürəyində elə düşünürdü ki, onu lazımınca qiymətləndirmirlər. Biz odun ala bilmirdik. Bir dekabr axşamı qar qarışıq güclü xəzri əsirdi. Mirzə Cəlil oğlanlarının otağına girdi və oradan çıxarkən: - Çox soyuqdur, bu soyuqda başlarına bir şey girməz, gərək sobanı qalayaq, - dedi, - öz otağına gedib şkafı açdı, əlyazmalarını çıxartdı. Onları bir-bir gözdən keçirib yerə atırdı. Mən narahat oldum, yanaşdım, soruşdum ki, nə etmək istəyirsən. Dedi ki, sobanı qalamaq istəyirəm. Mən xahiş elədim ki, əlyazmalarını yandırmasın, hələ gərək ola bilərlər. Ondansa taxta bir şey axtaraq. Cavab verdi ki, yandırmalı nə mümkünsə hamısını yandırmışıq. Mən ürək ağrısı ilə onun əli ilə yazdığı səhifələrin qalaq-qalaq yığıb sobaya qoymasına və kibrit çəkməsinə baxırdım. Hiss edirdim ki, bu, çox böyük itkidir. Amma mane ola bilmirdim, o, çox əsəbi idi. Nəhayət, sobanın ağzını bağladı, yenidən oğlanlarının otağına getdi və qayıdıb: "Soba istidir" - dedi. O, məmnun idi və arxaym yıxılıb yatdı. Axırıncı dəfə sobanı qalayırdı".

Cəlil Məmmədquluzadənin mənzilində bu sobanı mən də görmüşəm, onun qarşısında ehtiramla baş əymişəm. O vaxt Mirzə Cəlilin mənzili hələ muzey deyildi. Daha doğrusu, qərar qəbul olunmuşdu, amma muzeyin açılması üçün heç bir iş görülmürdü. O vaxt bu barədə mən Moskva mətbuatında da çıxış etmişdim. Cəlil Məmmədquluzadənin mənzil-muzeyi yalnız Heydər Əliyev ikinci dəfə Azərbaycanın rəhbərliyinə gələndən sonra açıldı.

0 zaman isə mən boş, qaranlıq, yarıuçuq mənzildə həmin soba qarşısında durub düşünürdüm. Düşünürdüm ki, Mirzə Cəlilin öz əlyazmaları ilə qaladığı bu soba yalnız onun oğlanlarını isitməyib. Bu sobanın istisini biz bu gün də hiss edirik, hamımız, bizim nəslin yazıçıları o sobanın hərarətilə yetişdik.

İstər Azərbaycan ədəbiyyatşünaslığıda, istərsə də o vaxtkı ümumittifaq və hətta dünya ədəbi fikrində "altmışıncılar" istilahı geniş yayılmış bir anlayışdır. Adətən, bu anlayış XX əsrin 60-cı illərində yetişmiş ədəbi nəslə aid edilir.

Bu termini Azərbaycan ədəbiyyatına şamil edərkən mən dəfələrlə demişəm və yazmışam ki, 60-cı illər ədəbiyyatı yalnız bu illərdə ədəbiyyata gəlmiş yazıçıları ehtiva etmir.

60-cı illərdə SSRİ-də müəyyən ictimai-siyasi proseslərin, nisbi ideoloji yumşalmanın nəticəsində ədəbiyyatda, o cümlədən Azərbaycan ədəbiyyatında yeni bir dövr başladı və bu dövrün yaranmasında yalnız bu illərdə ədəbiyyata gələn yazarlar deyil, əvvəlki nəsillərin də ən qabaqcıl nümayəndələri həlledici rol oynadılar. Təbii ki, bu yeni ədəbiyyat yalnız 60-cı illər çərçivəsində   qalmadı,   yetmişinci,   səksəninci   illərdə   ədəbiyyata   gələn istedadlı şairlər, nasirlər, tənqidçilər tərəfidən davam etdirildi. Amma 60-cı illərin ədəbi həyatına nəzər salanda daha əvvəl yaranmış ədəbi təmayüllərin yenidən dirçəlməsi də aydın nəzərə çarpır. Bu cəhətdən Mirzə Cəlil də 60-cı illərdə sanki yenidən doğuldu.

Daha doğrusu, onun həqiqi varlığını dərk etməyə şərait və imkan yarandı. Əgər əvvəlki dövrlərdə M.C.Məmmədquluzadəni sovet ideoloji klişeləri içində - maarifçi-demokrat, kapitalizmin, feodalizmin, daha nə bilim, hansı "izm"in düşməni kimi təqdim edirdilərsə, 60-cı illərdə o, daha geniş miqyasları olan ədəbi və ictimai xadim kimi, daha geniş üfüqlərdə yaradan yazıçı kimi dərk edildi. Mirzə Cəlil hər hansı quruluşun, siyasi sistemin sorunları dairəsində qalmış yazıçı kimi deyil, əbədi insan problemləri müstəvisində qələm çalan böyük insanşünas kimi qavranıldı. 60-cılar nəslinə heç bir yazıçı Mirzə Cəlil qədər təsir göstərməyib. 0, 60-cı illərin birinci nasiri idi desəm, sözlərimdə heç bir mübaliğə yoxdur. İsa Hüseynovdan üzü bəri bütün tanınmış yazıçılarımız Mirzə Cəlili yalnız müəllimləri kimi yox, həm də müasirləri kimi qəbul edirlər. Və inanıram ki, XXI əsrin də ən istedadlı və ən layiqli yazıçıları Mirzə Cəlil sobasının istisində qızınacaqlar.

Mənzilindəki o soba qarşısında keçirdiyim duyğulara oxşar bir hissi mən ikinci dəfə Nehrəm kəndində, Mirzə Cəlilin vaxtilə dərs dediyi məktəbin həyətində duydum. Həyətdə bir ağacın budağından zəng asılmşdı. Mənə dedilər ki, bu zəng elə böyük yazıçının zamanından qalıb və indinin özündə də şagirdləri siniflərə bu zəngi çalaraq çağırırlar. Düşündüm ki, bu zəng də yalnız o vaxtın və indinin məktəblilərini dərsə çağıran zəng deyil. Hamımızı təhsilə, savada, işığa çağıran bir zəngdir və onun səsi heç bir vaxt susmayacaq...

Həmidə xanımın xatirələri akademik memuarlar deyil, hadisələrin, faktların soyuq, biganə konspekti də deyil, ağrılı qəlbin şəhadətidir və mən bir neçə parça da gətirmək istəyirəm:
"Mirzə Cəlil fıkirli və dalğın idi. Görünür, işdə nə isə xoşagəlməz bir şey olmuşdu, amma demirdi. Gecə iniltiyə oyandım: gördüm Cəlil ağır-ağır inildəyir, elə bil onu boğurlar, güclə oyatdım. O dedi, yuxu görürdüm, görürdüm ki, məni mühakimə edirlər, ittiham edib hökm verirlər ki, zirzəmiyə atsınlar. Məni zirzəmiyə atırlar. Qapını kərpiclə hörürlər, sonra isə tavanın yanındakı yeganə pəncərəni də hörməyə başlayırlar. Mən qışqırırdım ki, barı pəncərəni hörməyin, məni tamam havadan məhrum eləməyin". Yalnız bundan sonra o mənə jurnalla əlaqədar bəzi xoşagəlməz hadisələrdən danışmağa başladı”.

Necə yozulasıdır bu məşum yuxu? Ömrü boyu baxdığı yeganə pəncərəni - "qəm pəncərəsini" də qapadıb, hörüb yazıçını işıqsız zülmətə qərq etmək istəyən bir quruluşun alleqorik ifadəsiydimi bu yuxu? Ya bir neçə il sonra başlayacaq repressiyaların - Azərbaycan ziyalılarına divan tutulacaq 37-ci ilin öncədən görməsi idi? 32-ci ildə ölməsilə zirzəmilərə atılmaqdan qurtulan Mirzə Cəlilin ürəyinə dammış vahimə idimi? Bəlkə, doğrudan da, vaxtında ölmək (ölümün vaxtı varmı?) yeganə xilas yoludur...

Ömrünün son aylannda Mirzə Cəlil tez-tez ölüm haqqında düşünürdü. 1931-ci ilin son dekabr günlərində o, Həmidə xanıma deyir: "Mən qəfildən öləcəm və heç kəsə əziyyət verməyəcəm, Yanvarın 3-də arvadına deyir: "Bu gün yaman çox dəfn mərasimi gördüm. Nə yaman çox adam ölür".

Həmidə xanım xatırlayır: "...Axşam uşaqlardan heç biri evdə yox idi. Mirzə Cəlil çarpayısında dincəlirdi. Mən də yemək otağında tikiş tikirdim. O durdu, əl-üzünü yudu, oğlunun otağına keçdi, oradan kamançanı götürdü, Öz yerinə qayıtdı və çalmağa başladı. Elə gözəl çalırdı ki, mən işimi bir kənara qoydum, ona qulaq asmağa başladım. Axırıncı akkordu çox təsirli götürdü, lap ürəyim ağrıdı, gözlərim yaşardı. Çalıb qurtarandan sonra ehmallıca kamançanı aparıb əvvəlki yerinə qoydu. Axırıncı dəfə onda kamança çaldı".

Yanvarın 4-də Mirzə Cəlilin halı birdən-birə xarablaşır. İynə vururlar, masaj eləyirlər, həkim çağırırlar. Cəlil Məmmədquluzadəylə birlikdə "Molla Nəsrəddin" jurnalını yaradan, sonralar 37-ci il repressiyalarının qurbanı olmuş Ömər Faiq Nemanzadə özünü yetirir.

Mirzə Cəlil: - Həkim çağırmayın, - deyib, - Midhətə zəng vurun, qoy tez gəlsin. Oğlunun iş nömrəsini də özü verib. Oğlu gəlib çıxanda artıq şüurunu itiribmiş. Son sözləri: - Midhət gəldi? - olub.
"Birdən üzündən qan çəkildi, sinəsindən son nəfəsi çıxdı və o, əbədilik susdu. Yanvarın dördü, gündüz saat üç idi".

Həmidə xanımın xatirələri bu sözlərlə bitir.

Dərin kədər içində Həmidə xanımın xatirələrini oxuyub qurtaranda birdən-birə Mirzə Cəlil Məmmədquluzadə gözlərim qarşısında bütün uca qamətilə bir daha yüksəldi, birdən-birə, elə bil, onun özünü gördüm, əyani, canlı şəkildə: kamança çalmasını da, sobanı əlyazmalarıyla qalamasını da, xoşu gəlməyən adama əl verəndən sonra gedib əllərini yumasını da. Heç bir vaxt kitablarının səhifələrindən o, bu qədər yaxın və kədərli şəkildə görünməmişdi mənə. Bu xatirələrdən onu tanıdığımız kimi heç öz xatirələrindən də tanıya büməzdik. Əlbəttə, M.C.Məmmədquluzadənin ölməz əsərləri olmasaydı, o, Həmidə xanımın xatirələrindən də bu qədər əzəmətli şəxsiyyət kimi gorünməzdi. Onlar bir-birini tamamlayırdılar: Mirzə Cəlilin öz əsərləri, məktubları, xatirələri, bütün həyatı - və bu yazı - onun ağıllı, mədəni, savadlı və nəcib rəfiqəsinin əliylə yazılmış qəlb yaddaşı...

Və mən bir daha dərk etdim ki, Mirzə Cəlili yalnız böyük yazıçı kimi, Servantes, Balzak, Qoqol, Dostoyevski, Tolstoy, Çexov, Marsel Prust kimi mənim üçün nəsr ustadı olan bir sənətkar kimi deyil, öz xalqına və başqa xalqlara örnək olacaq bir mütəfəkkir kimi deyil, həm də, sadəcə, yaxın, əziz, doğma bir adam kimi sevirəm.

Mən onun haqqında hörmət və ehtiramla, amma həm də məhrəm, ilıq bir nəvazişlə düşünürəm. Mən onun haqqında babam kimi, atam, qardaşım, oğlum, nəvəm kimi düşünürəm. "Qardaşım, oğlum, nəvəm" dediyim üçün məni qınamağa tələsməsinlər. Böyük yazıçılar bütün nəsillərin yaşıdıdırlar. M.C.Məmmədquluzadə babalarmızın, atalarımızın mənəvi yaşıdı idi. Bizim nəsil də ona öz yaşıdı kimi, bir çox problemlərimizə cavab vermiş və gələcəkdə də cavab verəcək müdrik qardaşı kimi baxır. Bizim nəsil də gedəcək, hammız öləcəyik, amma o qalacaq və oğlumun, nəvəmin yaşıdı olacaq.
Əbədi Mirzə Cəlil bütün zamanların övladıdır, hər yeni nəslin yol yoldaşıdır. Və bizdən sonra gələn nəsillər onu təzədən kəşf edəcək, öz yaşıdları, çağdaşları kimi tanıyacaq və övladlarına bəxş edib gedəcəklər.

Bütün bunlara görə mən Mirzə Cəlil Məmmədquluzadənin - keşməkeşli ömrünü anlamaq dərdi ilə yaşamış bu böyük dühamızın xoşbəxt taleyinə sevinirəm.

АNАR  

 

Səhifələr: 1 2 3 4 5

Geri

Yuxarı